Çin şirkətləri Mbappe ilə müqavilələri ləğv edir
Çinin bir sıra şirkətləri İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe ilə əməkdaşlığı dayandırmağa başlayıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, enerji içkiləri istehsalçısı “Dongpeng” və Çinin ən böyük süd məhsulları təchizatçılarından biri olan “Mengniu” bununla bağlı bəyanat yayıb.
Şirkətlərin açıqlamalarında milli hissləri təhqir edən istənilən hərəkətə qarşı olduqları və bu cür hallara sıfır tolerantlıq göstərdikləri bildirilib.
Çində qalmaqal futbolçunun müsahibəsindən sonra başlayıb. Yerli KİV-in məlumatına görə, Mbappe sevimli internet memlərindən danışarkən Çinlə bağlı təhqiramiz hesab edilən ifadələr işlədib.
Futbolçu ən çox bəyəndiyi memin öz üzünün qrafik redaktə vasitəsilə dəyişdirilərək adı açıqlanmayan “çinli diktatorun” üzərinə yerləşdirildiyi görüntü olduğunu deyib. Bu açıqlama sosial şəbəkələrdə narazılıq yaradıb.
Qeyd edək ki, sentyabrda da “Real Madrid” azarkeşləri Seuta sakinlərinə dəstək məqsədilə hazırlanmış futbolkanı geyinməkdən imtina etdikdən sonra Mbappedən üzr istəməsini tələb etmişdilər.
Fatimə
Sfera.az






