“ChatGPT” ilə saxta xəbərlər hazırladılar – Rusiya və İranın planı üzə çıxdı
“OpenAI” şirkəti “ChatGPT”dən istifadə edərək saxta jurnalist profilləri yaradan və münaqişələrlə bağlı dezinformasiya yayan Rusiya və İran mənşəli iki təsir əməliyyatının qarşısını aldığını açıqlayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu fəaliyyətlərdə iştirak edən bir qrup “ChatGPT” hesabını bloklayıb.
Məlumata görə, İranla əlaqəli əməliyyat çərçivəsində Qərb ölkələrindən, o cümlədən ABŞ-dan olduqlarını iddia edən yeddi saxta jurnalist profili yaradılıb. Bu profillər vasitəsilə dünyanın müxtəlif media platformalarında uzun məqalələr dərc etdirilib.
“OpenAI” bildirib ki, əməliyyatla əlaqəli imzalar altında təxminən 12 onlayn nəşrdə, ümumilikdə, 100-ə yaxın məqalə müəyyən edilib. Həmin nəşrlər əsasən beynəlxalq münasibətlər, geosiyasət və Yaxın Şərqdəki hadisələri işıqlandırıb.
Şirkətin müəyyən etdiyi ən erkən məqalə 2025-ci ilin iyulunda, sonuncusu isə 2026-cı ilin oktyabrında dərc olunub. ABŞ-İran müharibəsinin başlanmasından sonra bu cür materialların yayılma tezliyinin artdığı bildirilib.
İran əməliyyatı çərçivəsində ABŞ-İran müharibəsi ilə bağlı sosial şəbəkələrdə şərhlər də paylaşılıb. Saxta profillərdən biri özünü amerikalı sərbəst yazıçı kimi təqdim edən Ervin B. Hoskins adlı şəxsə aid olub. Onun “X” və “Instagram” platformalarında hesabları müəyyən edilib. “OpenAI”nin təqdim etdiyi məlumatlara görə, hər iki hesabın fəaliyyəti dayandırılıb.
Şirkət Rusiya ilə əlaqəli digər əməliyyatın isə Latın Amerikasında həyata keçirildiyini bildirib. Əməliyyat iştirakçıları Sosial Tədqiqatlar Mərkəzi (SRC) adlı beyin mərkəzindən istifadə edərək Ukraynanın regiondakı nüfuzuna xələl gətirməyə və yerli siyasi proseslərə təsir göstərməyə çalışıblar.
“OpenAI”nin açıqlamasına görə, Latın Amerikasında həmin qurum üçün çalışan şəxslər Rusiya mənşəli qrup üçün işlədiklərini bilməyiblər. Mərkəzin ilkin məzmununun böyük hissəsinin də cəlb olunmuş əməkdaşlar tərəfindən hazırlandığı qeyd edilib.
Əməliyyatı həyata keçirən şəxslər “ChatGPT”dən daxili hesabatlar hazırlamaq, təbliğat materialları yazmaq, sosial şəbəkələr üçün paylaşım və şərhlər tərtib etmək, həmçinin fəaliyyətin nəticələrini qiymətləndirmək məqsədilə istifadə ediblər.
Şirkətin məlumatında Polşanın ifrat sağçı Avropa Parlamentinin üzvü Qjeqoj Braunın “Polşaya qarşı” mövqe sərgiləyən şəxslərin ölkədə arzuolunmaz elan edilməsinə dair təklifinə verilən reaksiyalar da qeyd olunub. Bildirilib ki, bu mövzudan Polşanın Ukraynaya dəstəyi ətrafında fikir ayrılıqlarını dərinləşdirmək üçün istifadə edilməyə çalışılıb.
“OpenAI” bu əməliyyatları süni intellekt alətlərinin siyasi təbliğat və dezinformasiyanın geniş miqyasda yayılması üçün necə istifadə oluna biləcəyini göstərən nümunələr kimi qiymətləndirib.
Fatimə
Sfera.az






