Dövlət qulluğuna qəbulda müsahibə 2 mərhələdən ibarət olacaq

Dövlət qulluğuna qəbulda müsahibə 2 mərhələdən ibarət olacaq
Kateqoriya məlum deyil
T

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə iki mərhələdən ibarət olacaq.

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb. Layihəyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müsahibədə iştirak etmək üçün qeydə alınmış və vakant vəzifənin tələblərinə cavab verən şəxslərin sayı 5 nəfərdən çox olduqda, onlarla müsahibənin birinci mərhələsi keçiriləcək.

Birinci mərhələdə iştirakçıların vakant vəzifənin təlimatı və müsahibə proqramına uyğun olaraq səriştələri yoxlanılacaq. Ən azı 50 faiz nəticə əldə edənlər arasından ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibənin ikinci mərhələsinə buraxılacaq. İştirakçıların sayı 5 və daha az olduqda isə onlar birbaşa ikinci mərhələyə keçəcəklər.

Müsahibənin ikinci mərhələsi üç nəfərdən ibarət komissiya tərəfindən keçiriləcək. Komissiyaya müvafiq qurumun bir nümayəndəsi, dövlət orqanının bir nümayəndəsi və bir müstəqil ekspert daxil olacaq. Bəzi yüksək vəzifələr üzrə komissiya yalnız həmin dövlət orqanının nümayəndələrindən təşkil ediləcək. İkinci mərhələ iştirakçının razılığı ilə videoçəkiliş aparılmaqla keçiriləcək və fərdi qaydada Azərbaycan dilində azı 20 dəqiqə davam edəcək. Bu mərhələdə namizədin vakant vəzifəyə uyğunluğu və səriştələri qiymətləndiriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, həm müsabiqə çərçivəsində müsahibə, həm də daxili müsahibə bir mərhələdən ibarətdir. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Firuzə Əliyeva

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR