Qaz böhranı Ermənistan-Rusiya münasibətlərini dəyişə bilər – Ekspertdən AÇIQLAMA

Qaz böhranı Ermənistan-Rusiya münasibətlərini dəyişə bilər – Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ermənistan və Rusiya arasında son dövrlərdə siyasi və iqtisadi məsələlərlə bağlı fikir ayrılıqları diqqət mərkəzindədir.

İki ölkə arasındakı münasibətlər fonunda enerji sahəsində əməkdaşlıq, xüsusilə də Rusiyadan Ermənistana qaz tədarükü məsələsi də gündəmə gələn əsas mövzulardan biridir.

Erməni politoloq Giorgi Tumasyanın son açıqlaması isə bu məsələnin ölkə daxilindəki siyasi proseslərlə əlaqələndirilməsi baxımından diqqət çəkib. O, Rusiyanın qış aylarında Ermənistana qaz tədarükünü dayandıra biləcəyini və bunun hakimiyyət dəyişikliyi məqsədi daşıya biləcəyini iddia edib. Politoloqun sözlərinə görə, Ermənistanda Rusiyaya bağlı müxalif siyasi qüvvələr də bu istiqamətdə fəaliyyət göstərirlər.


Bu proses baş verərsə, Rusiya və Ermənistan arasındakı münasibətlərə necə təsir edəcək?


Bu haqda politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib. O, Rusiya ilə Ermənistan arasında münasibətlərdə enerji məsələsinin həqiqətən də son dövrdə siyasi fikir ayrılıqlarının mühüm komponentlərindən birinə çevrildiyini təsdiqləyib:


“Bu da təbiidir. Çünki Ermənistanın Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək istiqamətində atdığı addımlar fonunda Moskvanın İrəvana münasibətdə iqtisadi və enerji rıçaqlarından istifadə edə biləcəyi əvvəldən də proqnozlaşdırılırdı. 2026-cı ilin mayında Rusiya tərəfinin qaz, neft məhsulları və digər tədarüklərlə bağlı sazişi birtərəfli qaydada ləğv etmək imkanını gündəmə gətirməsi də bu kontekstdə diqqət çəkir. Erməni politoloqun qaz təchizatının qış aylarında dayandırılmasının hakimiyyət dəyişikliyinə hesablanmış addım ola biləcəyi barədə iddiasına gəldikdə isə bu, daha geniş siyasi müzakirənin bir hissəsi kimi qiymətləndirilə bilər. Əgər belə bir hal baş verərəsə onun siyasi nəticələri ciddi ola bilər. Çünki Ermənistan enerji baxımından Rusiyadan hələ də əhəmiyyətli dərəcədə asılıdır. 2025-ci ildə ölkənin qaz idxalının təxminən 82 faizi Rusiyanın payına düşüb və Rusiya qazı 1000 kubmetr üçün 177,5 dollar civarında qiymətləndirilib”.


Ekspert qazın qış aylarında uzunmüddətli və məqsədli şəkildə kəsilməsinin Ermənistan daxilində sosial-iqtisadi təzyiq yarada biləcəyini qeyd edib:


“Bu, xüsusilə istilik, elektrik enerjisi və sənaye sahələrinə təsir göstərərək hökumətin iqtisadi siyasətinin tənqid olunmasına səbəb ola bilər. Eyni zamanda, belə addımın açıq şəkildə siyasi məqsədlə əlaqələndirilməsi Ermənistan hakimiyyətində Rusiyaya qarşı etimadsızlığı daha da artıra və İrəvanın enerji mənbələrini diversifikasiya etmək siyasətini daha da sürətləndirə bilər. Digər tərəfdən, Ermənistanın tamamilə alternativsiz vəziyyətdə olduğunu söyləmək də düzgün olmaz. Sentyabrın əvvəlində Rusiya qazının on günlük planlı texniki fasiləsi zamanı Ermənistan daxili ehtiyatlardan və İrandan əlavə qaz idxalından istifadə edib. Bu hadisə qısa müddətli fasilələrin müəyyən dərəcədə kompensasiya edilə bildiyini göstərdi, lakin uzunmüddətli əvəzləmənin daha mürəkkəb məsələ olduğunu da ortaya qoyur.

Ümumiyyətlə isə, Rusiyanın qaz təchizatını siyasi təzyiq vasitəsinə çevirməsi Moskva ilə İrəvan arasında münasibətlərin daha da sərtləşməsinə, qarşılıqlı etimadın azalmasına və Ermənistanın Qərb və digər enerji tərəfdaşları ilə əlaqələrinin sürətlənməsinə səbəb ola bilər. Moskva baxımından isə belə bir addım qısamüddətli təsir imkanları yaratsa da, Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq cəhdlərini gücləndirə bilər. Bunu Rusiya da kifayət qədər yaxşı bilir və başa düşür ki, bu istiqamətdə təzyiqlər daxildə Ermənistanın gələcəyini hələ də Rusiya ilə görənlərdə də anti Rusiya meylinin formalaşmasına səbəb ola bilər. Buna görə də qaz məsələsinin siyasiləşdirilməsi yalnız Ermənistanın daxili siyasi proseslərinə deyil, bütövlükdə Rusiya-Ermənistan münasibətlərinin gələcək strukturuna təsir göstərə biləcək amildir deyə bilərik”.


Bəsti Rəfizadə

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR