Trampdan diqqətçəkən paylaşım

ABŞ Prezidenti Donald Tramp Hürmüz boğazını “Trump boğazı” kimi göstərən xəritə paylaşımı ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Tramp sosial media hesabında Körfəz bölgəsinin xəritəsini yayımlayıb. Xəritədə dairəyə alınmış Hürmüz boğazının olduğu ərazi “Trump boğazı” kimi qeyd olunub.
Tramp daha əvvəl, sentyabrın 2-də etdiyi paylaşımda Hürmüz boğazının ABŞ-ın nəzarətində olduğunu iddia etmiş və ərazinin adının “Trump boğazı” olaraq dəyişdirilməsini təklif edə biləcəyini bildirib. O, əvvəlki açıqlamalarında da boğazın ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və ərazinin “ABŞ torpağı” sayıla biləcəyini söyləyib.
Tramp bundan əvvəl də coğrafi adlarla bağlı açıqlamaları ilə gündəmə gəlib. O, Meksika körfəzinin adının ABŞ-da “Amerika körfəzi” kimi dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb və rəsmi qurumlara bu addan istifadə etməyi tapşırıb. Bu qərar Meksika ilə diplomatik mübahisəyə səbəb olub.
ABŞ Prezidenti Kanada ilə ticarət və gömrük tarifləri üzrə gərginlik fonunda Ontario gölünün adının ABŞ xəritələrində “Amerika gölü” kimi göstərilməsini də təklif edib. Bu qərara Kanadanın və Ontario əyalətinin rəsmiləri etiraz ediblər.

Tramp daha sonra ölkə daxilində də oxşar addımla gündəmə gəlib. O, “New Mexico” (Yeni Meksika) ştatının adında “Mexico” sözünün olmasını qeyd edərək, adın “New America” (Yeni Amerika) olaraq dəyişdirilməsini təklif edən süni intellektlə hazırlanmış görüntülər paylaşıb. Ştatın qubernatoru isə bu təşəbbüsü tənqid edərək Trampı ölkənin real problemlərinə diqqət yetirməyə çağırıb.
Mənsumə






