İrandan ABŞ-yə sərt cavab: “Müharibəni siz başladınız”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ rəsmilərinin yanacağın qiymətinin artmasına görə Tehranın məsuliyyət daşıdığına dair açıqlamalarını tənqid edib.
Sfera.az xəbər verir ki, Bəqai sosial media hesabında paylaşım edərək müharibədəki son vəziyyətə münasibət bildirib. O, ABŞ rəsmilərinin neft qiymətlərinin artmasını İranın Hörmüz boğazında gəmiləri hədəf alması ilə əlaqələndirən açıqlamalarına cavab verib.
“Hamının müharibəni kimin başladığını xatırlayacaq qədər yaxşı yaddaşı var”, - deyə Bəqai bildirib.
İranlı diplomat böhranın ABŞ administrasiyası tərəfindən başladıldığını və bunun nəticəsində Hörmüz boğazının bağlandığını, eləcə də kommersiya gəmiçiliyində ciddi problemlər yarandığını iddia edib.
Bəqai həmçinin hərbi müdaxilənin məsuliyyətini qarşı tərəfin üzərinə ataraq bunu müdafiə addımı kimi təqdim etməyin yeni üsul olmadığını söyləyib. O, fikrini əsaslandırmaq üçün 1939-cu ildə nasist Almaniyasının Polşaya hücumunu əsaslandırmaq cəhdlərinə istinad edib.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücumlardan sonra başlayan müharibə fonunda İran Hörmüz boğazından keçidi böyük ölçüdə məhdudlaşdırılıb.
İyunun 17-də İran və ABŞ arasında anlaşma memorandumu imzalandıqdan sonra boğazdan keçidlərə icazə verilib. Lakin razılaşmanın icrası ilə bağlı yaranan fikir ayrılıqları fonunda iyulun 8-də yenidən alovlanan qarşıdurmadan sonra İran iyulun 12-də Hörmüz boğazından keçidi yenidən məhdudlaşdırıb.
Hörmüz boğazında keçidlərin məhdudlaşdırılmasından sonra bölgədən neft axınının böyük ölçüdə dayanması dünya bazarında neft qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olub.
ABŞ rəsmiləri isə qiymət artımının İranın Hörmüz boğazında gəmiləri hədəf alması ilə bağlı olduğunu bildirirlər.
Mənsumə






