Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər

Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan yeni müdafiə sazişinin işə salınması İslamabadın Yəməndə husilərlə qarşıdurmaya cəlb olunması riskini artırıb.
Sfera.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Məlumata görə, 2025-ci ilin sentyabrında Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə sazişi 2026-cı ilin avqustunda Türkiyənin də iştirakı ilə genişləndirilib və Məkkə Birgə Müdafiə Sazişi adlandırılıb. Razılaşmaya əsasən, üç ölkədən birinə silahlı hücum digər ikisinə də hücum kimi qiymətləndirilir.
Hazırda əsas sual sazişin Yəməndəki qarşıdurmaya tətbiq edilib-edilməyəcəyidir. Son həftələrdə husilərlə Səudiyyə Ərəbistanı arasında gərginlik artıb. Husilər Səudiyyə ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib, Ər-Riyad isə Yəməndə husilərə qarşı hava zərbələrini gücləndirib.
“The Guardian”ın yazdığına görə, əgər Səudiyyə Ərəbistanı sazişin qarşılıqlı müdafiə mexanizmini tətbiq etsə, Pakistanın hərbi dəstək göstərməsi məsələsi gündəmə gələ bilər. Bununla belə, sazişin Yəməndə Səudiyyənin həyata keçirdiyi hərbi əməliyyatlara avtomatik şəkildə şamil olunub-olunmadığı aydın deyil.
Pakistan üçün belə bir ssenarinin hərbi və siyasi nəticələri ilə bağlı narahatlıqlar artır. Ölkənin İranla sərhədi, daxili təhlükəsizlik problemləri və iqtisadi vəziyyəti bu məsələyə xüsusi həssaslıq yaradır.
Nəşr qeyd edir ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığı genişdir və ölkədə Səudiyyə qüvvələrinin hazırlanmasında iştirak edən pakistanlı hərbçilər də var. İslamabadın isə açıq şəkildə Ər-Riyada dəstəyini ifadə etməsinə baxmayaraq, Yəməndə uzunmüddətli quru əməliyyatına cəlb olunmaq istəmədiyi barədə ekspert fikirləri mövcuddur.
Pakistanın Sülh Araşdırmaları İnstitutunun direktoru Məhəmməd Əmir Rana bildirib ki, İslamabad Yəməndə quru əməliyyatına cəlb olunmamaq üçün bütün imkanlardan istifadə edəcək.
Bundan əvvəl Türkiyə də sazişin müdafiə xarakterli olduğunu və hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini açıqlayıb.
Hazırda sazişin hansı halda tam şəkildə işə salınacağı və Pakistanın mümkün hərbi iştirakının hansı formada olacağı dəqiq deyil. “The Guardian”ın məlumatına görə, Səudiyyə Ərəbistanının da husilərlə genişmiqyaslı müharibəyə başlamaq niyyətində olub-olmadığı aydın deyil.
İnci
Sfera.az






