Küçədən tapdığı pişik sən demə nadir cins imiş...

100 ildən artıq müddətdən sonra ilk dəfə yeni vəhşi pişik növünün kəşf edilməsi elm dünyasında böyük maraq doğurub.
Sfera.az xəbər verir ki, Boliviyanın dağlıq meşələrində aşkarlanan yeni növ “Tilcayo pələng pişiyi” (Leopardus tilcayo) adlandırılıb. Növ adını ilk dəfə elmi ədəbiyyata daxil olduğu bölgədən götürüb. Ev pişiyindən belə kiçik olan bu canlı incə bədəni, özünəməxsus ləkələri və yumru qulaqları ilə fərqlənir.
Maraqlıdır ki, heyvanın aşkarlanması tamamilə təsadüfi hadisə nəticəsində baş verib. Bölgə sakini küçədə bu balaca pişiyi taparaq onu adi ev pişiyinin balası hesab edib və evinə aparıb. O, heyvanı düyü, makaron və yumurta kimi ev yeməkləri ilə bəsləməyə çalışıb. Lakin bir müddət sonra heyvanın davranışlarının adi ev pişiyindən fərqli olduğunu görən şəxs şübhələnib.
Daha sonra canlı Senda Verde Vəhşi Təbiət Qoruğuna təhvil verilib. Qoruqdakı mütəxəssislər və tədqiqatçılar tərəfindən aparılan ətraflı araşdırmalar nəticəsində bunun indiyədək elmə məlum olmayan yeni vəhşi pişik növü olduğu müəyyənləşdirilib. Yeni növün kəşfi Cənubi Amerikanın dağlıq meşələrində biomüxtəlifliyin hələ tam öyrənilmədiyini bir daha göstərir. Eyni zamanda, adi ev pişiyi hesab edilən bir heyvanın elmi baxımdan yeni növ kimi müəyyənləşdirilməsi kəşfin necə gözlənilməz şəraitdə baş verə biləcəyini ortaya qoyub.
Firuzə Əliyeva






