Uşağı məktəbə qoyub işə necə çatmalı? - Valideynləri düşündürən sual

Yeni tədris ilinin başlaması ilə işləyən valideynlər üçün növbəti çətinlik yaranacaq. Xüsusilə övladı aşağı siniflərdə oxuyan valideynlər üçün uşağı məktəbə aparıb, sonra işə vaxtında çatmaq böyük şəhər həyatında "zamana qarşı yarışa" çevriləcək.
Əmək bazarının sərt qaydaları ilə məktəb qrafiki arasında sıxışıb qalan valideynlər hər gün həm iş rejimini qorumaq, həm də övladının təhlükəsizliyini təmin etmək üçün ekstremal üsullara əl atmalı olacaqlar.
Bəs bu gərgin rejimdə valideynlərin çıxış yolları nələrdir?
Sosioloq Nail Cəlil Sfera.az-a açıqlamasında bildirib ki, uşaqların səhər saat 8-də dərsə çatması məsələsi yalnız təhsil problemi deyil, eyni zamanda nəqliyyat, sosial infrastruktur və valideynlərin iş qrafiki ilə bağlı məsələlərdən biridir.

Onun sözlərinə görə, erkən saatlarda dərsə başlayan uşaqların həm məktəbə vaxtında çatması, həm dərsə hazırlaşması, həm də dərsdən sonra evə qayıtması müəyyən çətinliklər yaradır. Bu vəziyyət valideynlərin iş qrafiki ilə üst-üstə düşdükdə ailələr üçün əlavə stress və gərginliyə səbəb olur:
“Problemin həlli üçün uşaqların yaş xüsusiyyətləri və onların psixoloji-fizioloji vəziyyəti də nəzərə alınmalıdır. Eyni zamanda məktəblərin ətrafında uşaqların dərsdən əvvəl gözləyə, istirahət edə və təhlükəsiz şəraitdə vaxt keçirə biləcəyi imkanların yaradılması məqsədəuyğundur. Məktəblərdə xüsusi istirahət otaqlarının yaradılması, erkən gələn uşaqlar üçün təhlükəsiz şəraitin təmin edilməsi və məktəbə qəbul zamanı yaşayış ünvanına ən yaxın təhsil müəssisəsinin nəzərə alınması problemin həllinə kömək edə bilər”.
Sosioloq hesab edir ki, müəyyən ərazilərdən şagirdlərin məktəbə daşınması üçün xüsusi nəqliyyat vasitələrinin ayrılması da mümkün həll yollarından biridir:
"Bu istiqamətdə dövlət məktəbləri ilə yanaşı, özəl təhsil müəssisələrinin də müvafiq mexanizmlər tətbiq etməsi vacibdir. Uşaqların məktəbə təhlükəsiz şəkildə çatması və dərsdən sonra sağlamlığının, təhlükəsizliyinin qorunması yalnız valideynlərin məsuliyyəti kimi qiymətləndirilməməlidir. Bu, həm də dövlətin sosial siyasətinin tərkib hissəsi olmalıdır”.
O deyib ki, Elm və Təhsil Nazirliyi, məktəblər, Milli Məclis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məsələ ilə bağlı sosial layihələr və konkret həll modellərinin hazırlanması mümkündür.
İradə Elsevər






