Sosial şəbəkələrdə yeni təhlükə: "80-ci illər" trendinə qoşulanlara XƏBƏRDARLIQ!

Sosial şəbəkələrdə geniş yayılan və fotoların süni intellekt vasitəsilə 1980-ci illərin üslubuna uyğunlaşdırıldığı "80-ci illər" trendi ilə bağlı fərdi məlumatların qorunması üzrə mütəxəssislərdən vacib xəbərdarlıq gəlib. Ekspertlər bu cür tətbiqlərin şəxsi fotolar üzərindən biometrik məlumatları emal edə biləcəyini vurğulayaraq, rəqəmsal məxfilik risklərinə diqqət çəkiblər.
Sfera.az xəbər verir ki, istifadəçilərin mövcud şəkillərini süni intellekt köməyi ilə 80-ci illərin vizual üslubuna çevirdiyi bu trend fərdi məlumatların təhlükəsizliyi müzakirələrini yenidən gündəmə gətirib. Mütəxəssislər tərəfindən edilən açıqlamada, istifadə olunan süni intellekt tətbiqlərinin rəqəmsal məxfilik baxımından ciddi risklər daşıdığı bildirilib.
Qeyd olunub ki, istifadəçilərin nostalgik görüntülər əldə etmək məqsədilə fotolarını sistemə yükləməsi fərdi məlumatların qorunması haqqında qanunvericiliyin pozulmasına şərait yarada bilər.
"Xatirələr yaşasın, sizə aid olan sizdə qalsın".
Süni intellekt platformalarına fotoşəkillər yüklənmədən öncə tətbiqlərin daxilolma icazələrinin və məlumat siyasətinin diqqətlə araşdırılmalı olduğunu bildirən ekspertlər, fotoların emal edilmə məqsədlərinin yoxlanılmasının vacibliyini vurğulayıblar.
Açıqlamada aşağıdakı məqamlara diqqət çəkilib:
"Tətbiqlərin yüklənən fotolar vasitəsilə istifadəçilərin biometrik məlumatlarını emal etmə riski var. İstifadəçilər şəxsi məlumatlarının və fotoşəkillərinin hansı məqsədlərlə saxlanıldığı, emal edildiyi və ya üçüncü tərəflərlə paylaşılıb-paylaşılmayacağı haqqında mütləq məlumat əldə etməlidirlər. Xatirələr yaşasın, sizə aid olan sizdə qalsın."
Təhlükəsizlik və məlumat mütəxəssisləri analoji süni intellekt trendlərində rəqəmsal izləri və biometrik kimlik məlumatlarını qorumaq üçün icazə proseslərində maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edirlər.
Mənsumə






