Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?

Sosial şəbəkələr insanların gündəlik həyatının mühüm hissəsinə çevrilib. Burada paylaşılan fotolar, videolar və statuslar çox vaxt insanların həyatının yalnız seçilmiş hissəsini göstərir.
Xoşbəxt anlar, səyahətlər, bahalı restoranlar və uğurlar daha çox paylaşılır, problemlər və çətinliklər isə adətən görünməz qalır. Bəs insanlar niyə öz həyatlarını sosial şəbəkələrdə olduğundan daha fərqli göstərməyə çalışırlar?
Sfera.az xəbər verir ki, psixoloqların fikrincə, bunun əsas səbəblərindən biri insanların başqalarının fikrinə verdiyi əhəmiyyət və sosial qəbul olunmaq istəyidir. Bəzi insanlar daha uğurlu, xoşbəxt və baxımlı görünməklə ətrafındakıların müsbət münasibətini qazanmağa çalışırlar.
Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdə özünü ideal göstərmək bəzən özünəinam çatışmazlığı ilə də əlaqəli ola bilər. İnsan real həyatında yaşadığı problemləri gizlədərək virtual mühitdə özünün arzuladığı obrazı yaradır. Beləliklə, sosial şəbəkə onun üçün bir növ “ideal həyat vitrini”nə çevrilir.
Digər səbəb isə müqayisədir. İnsanlar başqalarının paylaşdığı uğurlu və xoşbəxt anları gördükcə öz həyatlarını onlarla müqayisə edə bilirlər. Bu vəziyyətdə bəzi şəxslər özlərinin də daha yaxşı göründüyünü nümayiş etdirmək istəyirlər. Nəticədə sosial şəbəkədə reallıqdan daha parlaq bir həyat görüntüsü yaranır.
Psixoloqlar xüsusilə qeyd edirlər ki, sosial şəbəkələrdə gördüyümüz hər paylaşımı real həyatın tam mənzərəsi kimi qəbul etmək düzgün deyil. Bir fotoşəkilin arxasında həmin insanın yaşadığı stress, ailə problemləri, maddi çətinlikləri və ya digər narahatlıqları görünməyə bilər.
Mütəxəssislərin fikrincə, davamlı olaraq başqalarının “ideal həyatı” ilə özünü müqayisə etmək insanda narazılıq və uğursuzluq hissini gücləndirə bilər. Buna görə də sosial şəbəkələrdən istifadə zamanı virtual görüntü ilə real həyat arasındakı fərqi nəzərə almaq vacibdir.
Əslində isə sosial şəbəkədə hər kəs həyatının yalnız göstərmək istədiyi hissəsini paylaşır. Buna görə də başqasının ən yaxşı anlarını öz həyatının bütün reallığı ilə müqayisə etmək doğru deyil.
Mənsumə






