Netanyahu cütlüyünün baxım xərcləri dövlət büdcəsini çalxaladı

İsrail Baş naziri Binyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahunun dövlət büdcəsindən şəxsi qulluq, saç və güzəllik xidmətlərinə xərclədiyi yüksək məbləğlər ölkədə ciddi siyasi qalmaqala və ictimai narazılığa səbəb olub. Məlumat əldə etmək hüquqi hərəkatının məhkəmə müraciətindən sonra baş nazirlik aparatı tərəfindən açıqlanan sənədlər xərclərin ilbəil kəskin şəkildə artdığını ortaya çıxarıb.
Sfera.az xəbər verir ki, rəsmi göstəricilərə əsasən, Netanyahu cütlüyünün şəxsi xərcləri Qəzza müharibəsinin gərgin vaxtlarında da davam edib. Belə ki, 2023-cü ilin oktyabrında Baş nazirin təkcə saç baxımına 2 457 şekel (təxminən 1 130 AZN) ayrılıb. Sentyabr-noyabr aylarını əhatə edən üçaylıq dövrdə isə saç baxımına 7 897 şekel (təxminən 3 630 AZN), şəxsi qulluğa isə 4 800 şekel (təxminən 2 210 AZN) xərclənib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Naftali Bennett və Yair Lapid dövründə illik şəxsi qulluq xərcləri 84 min şekel (təxminən 38 640 AZN) olduğu halda, Netanyahu dövründə bu göstərici 2023-cü ildə 312 min şekelə (təxminən 143 520 AZN), 2025-ci ildə isə rekord həddə çataraq 337 min şekelə (təxminən 155 020 AZN) yüksəlib.
Analoji artım təmsilçilik və geyim xərclərində də müşahid olunub; Bennett dövründə 57 min şekel (təxminən 26 220 AZN), Lapid dövründə 8 min şekel (təxminən 3 680 AZN) xərcləndiyi halda, Netanyahu dövründə bu rəqəm 408 min şekelə (təxminən 187 680 AZN) çatıb.
Yüksək xərclər xarici səfərlər zamanı da davam edib. Netanyahunun 2024-cü ilin iyulunda Vaşinqtona səfəri zamanı stilist və vizajist xidmətlərinə 11 500 dollar (təxminən 19 550 AZN), 2025-ci ilin fevral səfərində isə 13 500 dollar (təxminən 22 950 AZN) xərclənib, üstəlik bəzi mütəxəssislərin adları "dövlət təhlükəsizliyi" əsası ilə gizlədilib.
Məlumat əldə etmək hüquqi hərəkatının baş direktoru Hidi Negev faktların yalnız məhkəmə təzyiqindən sonra açıqlanmasını kəskin tənqid edərək dövlət resurslarından istifadədə tam şəffaflığın təmin olunmasını tələb edib.
Mənsumə






