Bu gün Ümumdünya İntiharın Qarşısının Alınması Günüdür

Bu gün Ümumdünya İntiharın Qarşısının Alınması Günüdür
Kateqoriya məlum deyil
T

10 sentyabr Ümumdünya İntiharın Qarşısının Alınması Günüdür. Bu tarix insanların intiharın qarşısının alınmasının mümkün olduğu barədə məlumatlandırılması, mövzu ətrafındakı stiqmanın azaldılması və psixoloji dəstəyə çıxışın gücləndirilməsinə diqqət çəkmək məqsədi daşıyır.

Sfera.az xəbər verir ki, Ümumdünya İntiharın Qarşısının Alınması Günü 2003-cü ildə İntiharın Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiya (IASP) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı ilə təsis edilib.

2024-2026-cı illər üçün kampaniyanın əsas mövzusu “İntihar haqqında təsəvvürü dəyişmək”, çağırışı isə “Söhbətə başlayın”dır. Təşkilatların fikrincə, məqsəd susqunluq və yanlış təsəvvürlər əvəzinə açıq ünsiyyət, anlayış və dəstək mühitinin formalaşdırılmasıdır.

IASP-nin məlumatına görə, dünyada hər il 720 mindən çox insan intihar nəticəsində həyatını itirir. Bu hallar yalnız həmin şəxslərə deyil, onların ailələrinə, yaxınlarına və bütövlükdə cəmiyyətə ciddi təsir göstərir.

ÜST bildirib ki, intiharın qarşısının alınması yalnız səhiyyə sisteminin deyil, təhsil, əmək, sosial müdafiə, hüquq və digər sahələrin də birgə fəaliyyətini tələb edir. Erkən dəstək, psixi sağlamlıq xidmətlərinə çıxışın artırılması və risk qrupunda olan insanlarla düzgün ünsiyyət profilaktikanın mühüm istiqamətləri hesab olunur.

Mütəxəssislər xüsusilə yaxın çevrədə olan insanların davranış və emosional dəyişikliklərinə diqqət yetirməyin, onları mühakimə etmədən dinləməyin və ehtiyac olduqda peşəkar yardıma yönləndirməyin vacibliyini vurğulayıblar.

Ümumdünya İntiharın Qarşısının Alınması Gününün əsas mesajı isə sadədir: insanların çətinlikləri barədə danışa bilməsi, dinlənilməsi və vaxtında dəstək alması həyatların xilas edilməsində mühüm rol oynaya bilər.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR