Tətil rejimindən məktəb rejiminə keçid: Valideynlərə xəbərdarlıq

Tətil rejimindən məktəb rejiminə keçid: Valideynlərə xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Məktəblərin açılmasına az müddət qalmış mütəxəssislər valideynlərə mühüm xəbərdarlıq ediblər. Yay tətilində pozulan yuxu rejimi, ekran qarşısında keçirilən vaxtın artması və gündəlik vərdişlərin dəyişməsi uşaqların məktəbə uyğunlaşmasını çətinləşdirə bilər.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, uşaq və yeniyetmə psixi sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis uzm. Dr. Özge Çelik Büyükceran bildirib ki, məktəbə hazırlıq yalnız dəftərxana ləvazimatlarının alınmasından ibarət deyil. Uşaqlar yeni tədris ilinə həm fiziki, həm də emosional baxımdan hazırlanmalıdır.

Mütəxəssislər uşaqların yatmaq və oyanmaq saatlarının məktəb başlamazdan ən azı bir həftə əvvəl tədricən dəyişdirilməsini tövsiyə edirlər. Yuxu saatını birdən-birə erkən vaxta çəkmək əvəzinə hər gün 15-30 dəqiqə əvvəl yatmaq daha məqsədəuyğun hesab olunur. Səhərlər gün işığından faydalanmaq, hərəkət etmək və səhər yeməyi saatını məktəb rejiminə uyğunlaşdırmaq da bioloji saatın bərpasına kömək edir.

Telefon, planşet və kompüterdən, xüsusilə axşam saatlarında istifadə yuxuya getməyi çətinləşdirə bilər. Bu səbəbdən uşaqların yatmazdan ən azı bir saat əvvəl elektron cihazlardan uzaqlaşdırılması, mümkün qədər telefon və planşetlərin yataq otağında saxlanılmaması tövsiyə olunur.

Məktəb başlamazdan bir neçə gün əvvəl səhər rejiminin sınaqdan keçirilməsi də uşağın uyğunlaşmasını asanlaşdıra bilər. Çanta və geyimlərin axşamdan hazırlanması, səhər yeməyi və hazırlaşmaq üçün lazım olan vaxtın əvvəlcədən müəyyənləşdirilməsi səhərlər yaranan stressi azaltmağa kömək edir.

Bəzi uşaqlarda məktəb ərəfəsində həyəcanla yanaşı, narahatlıq da yarana bilər. Qarın ağrısı, ürəkbulanma, ağlama, narahatlıq və valideyndən ayrılmaq istəməmək kimi hallar müşahidə oluna bilər. Mütəxəssislər valideynlərə uşaqların hisslərini kiçiltməməyi və onları dinləməyi tövsiyə edirlər. “Bunda qorxacaq nə var?” kimi reaksiyalar əvəzinə uşağa öz hisslərini ifadə etmək imkanı verilməlidir.

Uşaqların məktəbə daha rahat uyğunlaşması üçün yuxu və oyanma saatlarını ən azı bir həftə əvvəl məktəb rejiminə uyğunlaşdırmaq, səhər oyanma vaxtını tədricən erkən saata çəkmək, yatmazdan bir saat əvvəl ekran istifadəsini dayandırmaq və yemək saatlarını məktəb rejiminə uyğunlaşdırmaq tövsiyə olunur. İlk dəfə məktəbə gedəcək uşaqlara məktəbi əvvəlcədən göstərmək, çanta və geyimləri axşamdan hazırlamaq, səhər rutinini bir neçə gün əvvəl sınaqdan keçirmək də faydalıdır. Valideynlər uşaqların narahatlıqlarını dinləməli və onları digər uşaqlarla müqayisə etməməlidirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR