600-dən çox bal toplayıb kəsildilər: Səhv harada edilib?

600-dən çox bal toplayıb kəsildilər: Səhv harada edilib?
Kateqoriya məlum deyil
T

Bu il 600-dən çox bal toplayan bir çox abituriyent universitetə qəbul ola bilməyib. Yüksək bal toplayan abituriyentlərin qəbuldan kənarda qalması ixtisas seçimi və kodlaşdırma mərhələsinə diqqəti yenidən artırıb.

Bəs 600-dən çox bal toplayan abituriyentlərin universitetə qəbul ola bilməməsinin əsas səbəbləri nələrdir və ixtisas seçimi ilə kodlaşdırma zamanı hansı səhvlərə yol verməmək lazımdır?

Mövzu ilə bağlı TİHA sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlama verib.

O bildirib ki, 600-dən yuxarı bal topladığı halda universitetə qəbul ola bilməyən bütün abituriyentlərin düzgün seçim etmədiyini demək doğru olmaz:

“Çünki elə abituriyentlər var ki, konkret məqsədləri və hədəfləri olur. Məsələn, 610 bal toplayan bir abituriyentin tibb ixtisasını qarşısına məqsəd qoyduğunu gördük və həmin nəticə ilə tibbə qəbul ola bilmədiyi halda, başqa ixtisası seçməkdənsə, yenidən hazırlaşmağa üstünlük verib. Bu, yanlış seçimdən daha çox məqsədli və strateji yanaşmadır. Çünki onun üçün əsas məsələ sadəcə universitetə daxil olmaq deyil, məhz istədiyi ixtisas üzrə təhsil almaqdır”.

Ekspert abituriyentlərin ən çox etdiyi səhvi açıqlayıb:

“İxtisas seçimi zamanı səhvlərə yol verən abituriyentlərimiz də olur. Bəzən abituriyent yalnız əvvəlki illərin keçid ballarına əsaslanır, plan yerlərinin sayını və ya həmin il formalaşa biləcək rəqabəti nəzərə almır. Bəzən yüksək balın yaratdığı arxayınlıqla seçim siyahısına kifayət qədər alternativ əlavə etmir. Halbuki ixtisas seçimi imtahan nəticəsi qədər məsuliyyətli mərhələdir. Kodlaşdırma zamanı da ən vacib məsələ diqqət və son yoxlamadır. Abituriyent ixtisas kodlarını düzgün şəkildə daxil etməli, seçimlərin ardıcıllığını bir neçə dəfə yoxlamalı və təsdiqdən əvvəl bütün siyahını diqqətlə nəzərdən keçirməlidir. Ümumilikdə isə desək, 600-dən yüksək bal toplayıb qəbul ola bilməməyi mən uğursuzluq kimi qiymətləndirmirəm. Burada hər bir abituriyentin fərdi hədəfi nəzərə alınmalıdır. Biri üçün əsas məqsəd həmin il mütləq tələbə olmaqdır, digəri üçün isə istədiyi ixtisasa qəbul olmaqdır və bunun üçün bir il də hazırlaşmağa hazırdır. Əsas olan abituriyentin öz məqsədini düzgün müəyyənləşdirməsi və ixtisas seçimi zamanı emosional deyil, düşünülmüş qərar verməsidir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR