Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin sayında azalma müşahidə olunur.
Şagird sayının azalması, bəzi məktəblərin birləşdirilməsi və təhsil sistemində aparılan kadr siyasəti müəllimlərin ümumi sayına təsir edən əsas amillər sırasında göstərilir.
Təhsil eksperti Əmrah Həsənli Sfera.az- açıqlamasında bildirib ki, bu tendensiyanı yalnız müəllim çatışmazlığı ilə əlaqələndirmək doğru deyil. O deyib ki, demoqrafik dəyişikliklər, şagird sayının azalması, məktəblərin birləşdirilməsi və sertifikasiya prosesi müəllim sayına təsir edən əsas amillərdəndir.

Ekspert qeyd edib ki, şagird sayının azaldığı məktəblərdə əvvəlki qədər müəllimə ehtiyac qalmır:
"Xüsusilə bəzi kənd və rayonlarda şagird kontingentinin azalması, az komplektli məktəblərin birləşdirilməsi və kadr ehtiyacının yenidən hesablanması ümumi müəllim statistikasına təsir göstərir".
Ə.Həsənlinin fikrincə, müəllim sayının azalması avtomatik olaraq məktəblərdə müəllim çatışmazlığı demək deyil:
“Əsas sual müəllim sayının azalması ilə yanaşı məktəblərin real kadr ehtiyacının necə dəyişməsidir. Əgər müəllim sayı azalır, amma şagird-müəllim nisbəti və məktəblərin faktiki kadr təminatı qorunursa, bunu yalnız mənfi göstərici kimi qiymətləndirməməliyik”.
Ekspert sertifikasiya prosesinin də müəllimlərin sayına təsir etdiyini vurğulayıb. Aşağı nəticə göstərən bəzi müəllimlərlə əmək münasibətlərinə xitam verilir və həmin vakant yerlər hər zaman yeni müəllimlərlə doldurulmur. Çünki bəzi məktəblərdə müəllim sıxlığı mövcuddur.
Ə.Həsənli qadın müəllimlərin ümumi müəllimlər arasında payının 82,2 faizdən 82,6 faizə yüksəlməsi məsələsinə də diqqət çəkib. O hesab edir ki, bu göstərici kişilərin müəllimlik peşəsinə cəlb olunması məsələsinin aktuallığını qoruduğunu göstərir:
"Əməkhaqqı, iş yükü, karyera imkanları və regionlarda işləmək kimi amillər xüsusilə gənc kişilərin müəllimlik əvəzinə digər sahələrə yönəlməsinə səbəb ola bilər. Əsas məqsəd say baxımından daha çox müəllimə sahib olmaq deyil, məktəblərin real ehtiyacına uyğun və keyfiyyət göstəricilərinə əsaslanan müəllim kontingenti formalaşdırmaqdır".
İradə Elsevər






