İsti hava 35 min can alıb

İsti hava 35 min can alıb
Kateqoriya məlum deyil
T

Avropa qitəsində bu yay ardıcıl olaraq müşahidə edilən isti hava dalğası nəticəsində 35 min nəfərin həyatını itirdiyi bildirilir.

Mütəxəssislər avqust ayı üzrə məlumatların hələ tam açıqlanmaması səbəbindən real ölüm sayının daha yüksək ola biləcəyini vurğulayırlar.


Sfera.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, normal dövrlə müqayisədə təkcə Almaniya, Fransa və İspaniyada isti hava ilə əlaqəli əlavə ölüm hallarının sayı 25 mini keçib.


Mütəxəssislərin sözlərinə görə, yüksək temperatur bir çox hallarda ölümün birbaşa səbəbi kimi qeyd olunmur. Bundan başqa, avqust ayı üzrə məlumatların statistik sistemlərə tam daxil edilməməsi yekun göstəricilərin daha yüksək ola biləcəyini göstərir.


İsti hava ilə əlaqəli ölüm hallarının ən çox qeydə alındığı ölkələrdən biri Almaniyadır. Robert Kox İnstitutunun məlumatına görə, aprelin əvvəlindən avqustun əvvəlinədək Almaniyada təxminən 14 min nəfər həddindən artıq isti hava səbəbindən həyatını itirib. Təkcə iyunun son həftəsində 9 min 600 ölüm halının qeydə alındığı bildirilir. Bu göstəriciyə əsasən, Almaniyada ölüm statistikalarının aparılmağa başladığı dövrdən bəri ən ölümcül yay mövsümlərindən biri yaşanıb.


İspaniyada isə III Karlos adına Sağlamlıq İnstitutunun məlumatına görə, may ayından etibarən təxminən 5 min nəfər isti hava dalğaları səbəbindən həyatını itirib. Bununla da ölkədə isti hava ilə əlaqəli ölüm halları üzrə 2022-ci ildə qeydə alınan əvvəlki rekord geridə qalıb.


Fransada yüzlərlə meteoroloji stansiyada temperaturun 40 dərəcədən yuxarı qalxdığı günlər qeydə alınıb. Mayın sonundan iyulun sonunadək ölkədə 7 mindən çox əlavə ölüm halının baş verdiyi bildirilir.


İtaliyada isə yerli hakimiyyət orqanlarından toplanan məlumatlar əsasında aparılan modelləşdirmələr isti hava ilə əlaqəli ümumi ölüm sayının 5-8 min arasında ola biləcəyini göstərir.


İngiltərədə may və iyun aylarında baş verən isti hava dalğalarının təxminən 2 min 900 nəfərin ölümünə səbəb olduğu təxmin edilir.


Belçika, Niderland, Polşa və İsveçrə kimi digər Avropa ölkələrində də ölüm göstəricilərində nəzərəçarpacaq artım qeydə alınıb.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, iqlim böhranının yaratdığı qlobal istiləşmə və əhalinin yaşlanması fonunda Avropa regionunda həddindən artıq isti ilə əlaqəli ölüm halları son 20 ildə 30 faizdən çox artıb.
Qitənin 80 milyondan çox insanın yaşadığı ərazilərində temperaturun 40 dərəcəni keçməsi isə iqlim dəyişikliyinin insan sağlamlığı üçün yaratdığı təhlükəni bir daha ortaya qoyub

İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR