ABŞ-nin Türkiyədəki səfiri: "İsrail bununla Türkiyəni qıcıqlandırır"

ABŞ-nin Türkiyədəki səfiri: "İsrail bununla Türkiyəni qıcıqlandırır"
Kateqoriya məlum deyil
T

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak İsrailin Türkiyəni qıcıqlandırmaq məqsədilə Suriyada gərginlik yaratmış ola biləcəyini bildirib.

Sfera.az xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak tanınmış aparıcı Mario Naufala müsahibəsində son günlər Suriya üzərindən yaşanan Türkiyə-İsrail gərginliyindən danışıb. Barrakın sözlərinə görə, İsrail tərəfinin bölgədə Türkiyə hərbçilərinin və ya hərbi elementlərinin ola biləcəyinə dair bəzi kəşfiyyat məlumatları olub. Bu məlumatların təxminən altı gün əvvəl ABŞ tərəfinə çatdırıldığını deyən səfir Vaşinqtonun öz kəşfiyyat qurumları vasitəsilə məsələni araşdırdığını bildirib. Nəticədə isə belə bir vəziyyətin olmadığı qənaətinə gəlinib. Barrak İsrailin əldə etdiyi məlumatlardan birinin bölgədə Türkiyə hərbçilərinin və ya hərbi elementlərinin olması ehtimalı ilə bağlı olduğunu deyib. “Bunun belə olmadığını bilirik”, – deyə səfir bildirib.

O, Türkiyə ordusunun güclü, cəsur və yaxşı təchiz olunmuş hərbi qüvvələrə malik olduğunu vurğulayıb. Barrak belə bir gərginliyin daha böyük müharibəyə çevrilə biləcəyi barədə də xəbərdarlıq edib. “Bu vəziyyət Üçüncü Dünya müharibəsinə səbəb ola bilərmi? İkinci Dünya müharibəsinə baxdıqda, istənilməyən tək bir addımın belə Üçüncü Dünya müharibəsini başlada biləcəyini düşünürsünüz”, – Barrak deyib.

ABŞ səfiri İsrail qırıcılarının Türkiyə sərhədinə doğru yaxınlaşmasının Ankarada ciddi narahatlıq yaratdığını bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi təyyarələrin məqsədini, istiqamətini və niyyətini bilmədiyi üçün öz döyüş təyyarələrini havaya qaldırmaq variantını nəzərdən keçirib.

“Onlar qırıcıların sərhədə doğru gəldiyini gördükdə və bunun məqsədini, istiqamətini və ya niyyətini bilmədikdə, ‘Öz təyyarələrimizi havaya qaldırmalı olacağıq’ deməyə başlayırlar”, – Barrak qeyd edib. Səfir böhranın son anda sağlam düşüncə ilə həll edildiyini bildirib. “Şükürlər olsun ki, məhz həmin anda sağlam düşüncə qalib gəldi və bu böhranı həll etdik”, - deyə o vurğulayıb. Barrak gərginliyin səbəbləri ilə bağlı müxtəlif nəzəriyyələrin olduğunu deyib. “Bunlardan biri israillilərin türkləri qıcıqlandırmasıdır”, – ABŞ səfiri bildirib.

O, Türkiyənin əvvəllər oxşar şəraitdə Rusiya döyüş təyyarəsini vurduğunu xatırladıb və sərhəddə əvvəlcədən razılaşma və xəbərdarlıq olmadan döyüş təyyarələrinin yerləşdirilməsinin olduqca təhlükəli addım olduğunu vurğulayıb. Barrak Türkiyənin İsrailə qarşı hücum niyyətində olmadığını da bildirib. “Türkiyə təcavüzkar deyil. Bu, həqiqətdir. Onlar İsrailə hücum etmək və ya hər hansı hərbi, yaxud düşmən münasibətinə girmək istəmirlər”, - deyə səfir bildirib. Onun sözlərinə görə, Türkiyə və region ölkələri hazırda böhrandan çıxış yolu axtarır.

Barrak hesab edir ki, Ankaranın əsas diqqəti İran məsələsindən daha çox Fələstin probleminin həllinə yönəlib. ABŞ səfiri Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş verdiyini söylədiyi söhbətdən də danışıb. Barrakın sözlərinə görə, Tramp Ərdoğandan Suriyanı niyə birbaşa nəzarətə götürmədiklərini soruşub. Ərdoğanın isə buna belə cavab verdiyini bildirib: “Çünki bunu istəmirik. Suriyanın bu son dərəcə çətin coğrafiyanın ortasında qoruyucu örtük və müstəqil, suveren ölkə olaraq qalmasını istəyirik”.

Barrak Türkiyənin yeni və güclü bir mərhələyə qədəm qoyduğunu, ölkənin coğrafi mövqeyi və siyasətinin bəzən təhdid kimi qəbul edilə bildiyini də qeyd edib. Səfir həmçinin Ərdoğanın bölgədə gərginliyi azaltmağa çalışdığını bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR