“Xiaomi 18” seriyasında böyük dəyişiklik

“Xiaomi”-nin yeni flaqman seriyası ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb. Yeni məlumatlara görə, “Xiaomi 18”seriyasında “Ultra” modeli təqdim edilməyəcək. Bu halda seriya dörd deyil, üç flaqman modeldən ibarət olacaq.
Sfera.az xəbər verir ki, iddianı X-də paylaşımlar edən sızıntı mənbəyi Karkiteky Singh yayıb. Onun sözlərinə görə, “Xiaomi” növbəti flaqman seriyasında “Ultra” modelindən imtina etmək qərarına gəlib.
Bu qərarın əsas səbəblərindən birinin DRAM və NAND yaddaş çiplərinin qiymətlərindəki artım olduğu bildirilir.
Artan komponent xərclərinin şirkətin flaqman modellərinin sayını azaltmasına təsir etdiyi ehtimal olunur.
Bununla belə, “Ultra” modelinin uzun müddətlik ləğv edilmədiyi və 2027-ci ilin sonlarında və ya 2028-ci ilin əvvəlində “Xiaomi 19 Ultra” adı ilə geri dönə biləcəyi də iddia edilir. Gələcək modeldə 200 MP-lik dörd kameralı sistem və daha inkişaf etmiş kamera xüsusiyyətlərinin təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, yayılan məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və yeni məlumatlar ortaya çıxdıqca dəyişə bilər.
Mənsumə






