Tənhalıq hissini azaltmağın sadə yolu açıqlandı
Minnətdarlıq hissinin insanların psixoloji vəziyyətinə müsbət təsir göstərərək tənhalığı azalda biləcəyi müəyyən edilib. 916 tələbənin iştirak etdiyi psixoloji araşdırmada minnətdarlıq ifadə etməklə tənhalıq hissi arasındakı əlaqə öyrənilib.
Sfera.az bildirir ki, “Affective Science” elmi jurnalında dərc olunan tədqiqat çərçivəsində orta yaş həddi 19,4 olan iştirakçılar dörd qrupa bölünüblər. Birinci qrupdan minnətdarlıq məktubu yazmaq, ikinci qrupdan insanlara şəxsi mesaj vasitəsilə təşəkkür etmək, üçüncü qrupdan isə sosial şəbəkələrdə minnətdarlıqlarını ifadə etmək istənilib.
Dördüncü qrup yalnız gündəlik fəaliyyətlərini qeyd edib. Təxminən bir həftə davam edən araşdırma nəticəsində ilk üç qrupun iştirakçılarında tənhalıq hissinin azaldığı və müsbət emosiyaların artdığı müşahidə olunub. Ən diqqətçəkən nəticələr isə şəxsi mesaj vasitəsilə təşəkkür edən iştirakçılarda qeydə alınıb. Onların sosial bağlılıq və dəstək hisslərinin daha çox gücləndiyi müəyyənləşdirilib. Tədqiqatçılar minnətdarlığı ifadə etməyin insanlar arasında münasibətlərin möhkəmlənməsinə və psixoloji rifahın yaxşılaşmasına kömək edə biləcəyini bildiriblər.
Şahanə Ziyad






