Günəş yanığından sonra nə etməli?

Yay aylarında uzun müddət günəş altında qalmaq dəridə qızartı, yanma, həssaslıq və soyulmaya səbəb ola bilər. Günəş yanığı yarandıqda ilk növbədə günəşdən uzaqlaşmaq və dərini sərinlətmək lazımdır. Sərin duş qəbul etmək və ya nəm dəsmalla kompres etmək rahatlıq verə bilər. Dəriyə birbaşa buz qoymaq isə məsləhət görülmür.
Sfera.az xəbər verir ki, dərini sərinlətdikdən sonra ətirsiz və spirtsiz nəmləndirici və ya aloe vera tərkibli məhsullardan istifadə etmək quruluq və gərginliyi azalda bilər. Gün ərzində kifayət qədər su içmək də vacibdir.
Yanıq sağalarkən dərinin soyulması müşahidə oluna bilər. Soyulan dərini qoparmaq və su qabarcıqlarını partlatmaq olmaz. Bu, qıcıqlanma və infeksiya riskini artıra bilər.
Sağalma müddətində yanmış nahiyəni günəşdən qorumaq, mümkün qədər kölgədə qalmaq və dərini örtən yüngül geyimlərə üstünlük vermək tövsiyə olunur.
Günəş yanığı geniş ərazini əhatə edirsə, güclü ağrı, böyük su qabarcıqları, qızdırma, ürəkbulanma, başgicəllənmə və ciddi halsızlıq yaranarsa, həkimə müraciət edilməlidir. Xüsusilə uşaqlarda və körpələrdə ağır günəş yanığı zamanı tibbi yardım gecikdirilməməlidir.
Mənsumə






