Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia

“Apple”-ın sentyabr ayında təqdim etməyə hazırlaşdığı “iPhone Ultra” modelinin ilk mərhələdə yalnız ABŞ bazarında satışa çıxarılacağı iddia edilir.
Sfera.az xəbər verir ki, şirkətin sentyabr tədbirində “iPhone 18 Pro”və “iPhone 18 Pro Max” modelləri ilə yanaşı ilk qatlanan ekranlı “iPhone”modeli olması gözlənilən “iPhone Ultra”-nı da təqdim edəcəyi bildirilir. Yüksək qiyməti ilə diqqətçəkəcəyi gözlənilən cihazın ilkin mərhələdə yalnız ABŞ-da satışa çıxarılmasının planlaşdırıldığı deyilir.
İddiaya görə, bunun əsas səbəbi təchizat problemləridir. Yaddaş çipləri ilə bağlı yaranan böhran “Apple”-ın istehsal imkanlarına da təsir edib. Bu səbəbdən “iPhone Ultra”-nın digər “iPhone 18” modelləri ilə müqayisədə daha az sayda istehsal ediləcəyi bildirilir.
“Apple”-ın əvvəlcə ABŞ bazarında cihazın tələbatını və istifadəçi reaksiyalarını yoxlamaq, marağın yüksək olması halında isə istehsalı artırmaq niyyətində olduğu qeyd edilir.
Qatlanan “iPhone Ultra”-nın qiymətinin isə 2 min-2 min 500 dollar arasında olacağı gözlənilir.
Mənsumə






