Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz

"Ozempic" və "Wegovy" kimi, əsasən 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 qrupuna daxil olan dərmanların saç tökülməsi riskini artıra biləcəyi müəyyənləşib.
Sfera.az xəbər verir ki, araşdırmalara əsasən, GLP-1 qrupundan olan arıqlama dərmanlarının saç tökülməsinə təsiri digər diabet dərmanları ilə müqayisə edilib.
Yaş, cins və digər sağlamlıq vəziyyətləri nəzərə alındıqdan sonra məlum olub ki, GLP-1 dərmanlarından istifadə edən şəxslərdə saç tökülməsi riski SGLT-2 inhibitorlarından istifadə edənlərlə müqayisədə 37 faiz, DPP-4 inhibitorlarından istifadə edənlərlə müqayisədə isə 68 faiz daha yüksəkdir.
Mütəxəssislərin fikrincə, saç tökülməsinin səbəblərindən biri GLP-1 dərmanlarının sürətli çəki itkisinə yol açması ola bilər. Sürətli arıqlama zamanı orqanizmdə dəmir, sink və digər vacib qida maddələrinin səviyyəsi dəyişir. Bu isə saçların normal uzanma dövrünə təsir göstərir.
Tədqiqatçılar vurğulayırlar ki, faizlə ifadə olunan fərqə baxmayaraq, saç tökülməsinin ümumi riski aşağıdır.
Məlumatlara görə, GLP-1 dərmanlarından istifadə edən hər 1000 nəfərdən təxminən 7-də bir il ərzində saç tökülməsi qeydə alınıb. Bu göstərici SGLT-2 inhibitorlarından istifadə edənlərdə təxminən 5, DPP-4 inhibitorlarından istifadə edənlərdə isə 4 nəfər olub.
Mütəxəssislər hesab edirlər ki, bu mümkün yan təsir müalicə zamanı nəzərə alınmalıdır. Bununla belə, GLP-1 dərmanlarının faydaları və mümkün yan təsirləri hər bir pasiyent üçün fərdi şəkildə qiymətləndirilməlidir.
İradə Elsevər






