Macarıstan yeni prezidentini seçir: Namizəd hələ açıqlanmayıb

Macarıstan yeni prezidentini seçir: Namizəd hələ açıqlanmayıb
Kateqoriya məlum deyil
T

Macarıstan parlamenti gələn çərşənbə axşamı ölkənin yeni prezidentini seçəcək.

Sfera.az xəbər verir ki, səsverməyə az vaxt qalmasına baxmayaraq, prezident postuna hələlik rəsmi namizəd irəli sürülməyib.

Baş nazir Peter Macar apreldə keçirilən parlament seçkilərində "Tisza" Partiyasının qələbəsindən sonra dövlətin əsas institutlarında dəyişikliklər edəcəyini vəd etmişdi. İyul ayında hökumət konstitusiyaya edilən dəyişiklik əsasında əvvəlki prezident Tamaş Şuyoku vəzifəsindən uzaqlaşdırıb. Peter Macar onu keçmiş baş nazir Viktor Orbanın "kuklası" adlandırmışdı.

Daha sonra baş nazir prezident postunu məşhur şahmatçı, sabiq dünya çempionu Yudit Polqara təklif etsə də, o, ölkədəki dərin siyasi parçalanmanı əsas gətirərək bu təklifi qəbul etməyib.

Peter Macarın namizəd müəyyənləşdirmə prosesi müxalifət deputatları və bəzi qeyri-hökumət təşkilatları tərəfindən tənqid olunub. Onlar baş nazirin əvvəlki vədlərinə baxmayaraq, ictimai müzakirələrin keçirilmədiyini bildiriblər.

Peter Macar isə sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, məqsəd ümumxalq səsverməsi keçirmək deyil, müxtəlif dairələrdən namizədlərlə bağlı təkliflər toplamaq olub. Onun sözlərinə görə, yekun qərarı "Tisza" Partiyasının parlament fraksiyası və Milli Assambleya verəcək.

Hazırda prezident səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edir.

Baş nazir indiyədək hüquq professoru və Ali Məhkəmənin keçmiş sədri Andraş Baka, tarixçi İqnaç Romşiç və vəkil Botond Fülöp də daxil olmaqla bir sıra tanınmış şəxslərlə görüşüb. Bununla belə, onların hər hansı birinin prezidentliyə namizəd olacağı hələ təsdiqlənməyib.

Qeyd edək ki, Macarıstanda prezident əsasən simvolik səlahiyyətlərə malikdir. Dövlət başçısı qanunları imzalaya, onları Konstitusiya Məhkəməsinə göndərə və əfv hüququndan istifadə edə bilir.

Bu arada Viktor Orbanın rəhbərlik etdiyi "Fidesz" Partiyası Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını qanunsuz hesab etdiyini bildirərək prezident seçkisində iştirak etməyəcəyini açıqlayıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR