Süni intellektlə hazırlayıb təbiətə buraxdılar

Floridanın Everqleyds (Everglades) bölgəsində ekosistem üçün ciddi təhlükə yaradan Birma pitonları ilə mübarizədə süni intellektdən istifadə olunmağa başlanılıb.
Sfera.az xəbər verir ki, ABŞ-ın Florida ştatında mütəxəssislər günəş enerjisi ilə işləyən və süni intellektlə idarə olunan robot dovşanlardan istifadə edərək gizlənən pitonların yerini müəyyən etməyə çalışırlar.
Floridada hər il keçirilən və 10 gün davam edən ənənəvi Florida Python Challenge yarışması peşəkar və həvəskar ovçuları bir araya gətirərək invaziv Birma pitonlarının sayını azaltmağı hədəfləyir. Lakin ilanların gizlənmək bacarığı səbəbindən bu il mübarizədə müasir texnologiyalara üstünlük verilib.
Cənubi Florida Su İdarəetmə Bölgəsi və Florida Universitetinin alimləri tərəfindən hazırlanan günəş enerjili robot dovşanlar əsl dovşanın davranışını və fiziki xüsusiyyətlərini təqlid edir. Qurğular pitonları cəlb etmək üçün xüsusi istilik siqnalı və qoxu yayır.
Robotların üzərində quraşdırılmış kameralar ətrafı fasiləsiz izləyir. Yaxınlıqda piton aşkar edildikdə sistem avtomatik olaraq məsul qurumlara xəbərdarlıq göndərir. Bundan sonra xüsusi təlim keçmiş əməkdaşlar hadisə yerinə gələrək ilanı təhlükəsiz şəkildə tuturlar.
Mütəxəssislərin sözlərinə görə, Birma pitonları onilliklər əvvəl Floridaya gətirilsə də zamanla Everqleyds ekosistemində ən təhlükəli invaziv növlərdən birinə çevrilib. Hazırda bölgədə 100 mindən 300 minədək pitonun olduğu ehtimal edilir.
Yetkin dişi Birma pitonu bir dəfəyə 70-dən çox yumurta qoya bilir, uzunluğu isə 5,5 metri keçə bilir. Bu nəhəng sürünənlər yerli məməliləri, quşları və digər canlıları ovlayaraq Florida panteri və vaşaq kimi nadir növlərin qida ehtiyatını azaldır.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, pitonların yayılması nəticəsində Everqleydsin bəzi ərazilərində yenot və opossum populyasiyası 99 faizədək azalıb.
2000-ci ildən bəri həyata keçirilən tədbirlər nəticəsində Everqleyds bölgəsindən 19 mindən çox Birma pitonu çıxarılıb. Bu il keçirilən yarışmaya isə 900-dən çox yerli və xarici ovçu qatılıb.
Mənsumə






