Litva Baş nazirinin doktorluq dissertasiyası plagiat şübhəsi ilə araşdırılır

Litvanın Baş naziri Mindauqas Sinkyaviçyus-un doktorluq dissertasiyası mümkün plagiat iddiaları ilə bağlı araşdırma predmetinə çevrilib.
Sfera.az xəbər verir ki, ISM İdarəetmə və İqtisadiyyat Universiteti Baş nazirin akademik etikaya dair mümkün pozuntularla bağlı araşdırmaya başladığını açıqlayıb.
Universitetin Etika Komissiyası Akademik Etika və Prosedurlar üzrə Ombudsman Ofisinin göndərdiyi şikayəti araşdırmaq qərarına gəlib. Şikayətdə Baş nazirin doktorluq dissertasiyasının hazırlanması zamanı akademik qaydaların pozulmuş ola biləcəyi iddia edilir.
Universitet bildirib ki, tələbə və məzunların akademik etikası ilə bağlı bütün müraciətlər şəxsin tutduğu vəzifədən və ya ictimai statusundan asılı olmayaraq eyni qaydalar əsasında araşdırılır.
Toplanmış materialların təhlili və bütün tərəflərin dinlənilməsindən sonra yekun qərar veriləcək. Mövcud qaydalara əsasən, araşdırmanın yay tətili dövrü nəzərə alınmadan 30 təqvim günü ərzində başa çatdırılması nəzərdə tutulur. Universitet yoxlamanın nəticələrini sentyabrın sonunadək açıqlamağı planlaşdırır.
Baş nazirin doktorluq işi ilə bağlı plagiat iddiaları son həftələr ictimaiyyət və siyasi müxalifət tərəfindən səsləndirilən tənqidlərdən sonra yenidən gündəmə gəlib. Mindauqas Sinkyaviçyus isə dissertasiyasını akademik normalara uyğun hazırladığını bildirərək plagiat ittihamlarını qəti şəkildə rədd edib.
Qeyd edək ki, Sinkyaviçyus 2009-cu ildə ISM Universitetində marketinq və menecment üzrə magistr dərəcəsi alıb, 2015-ci ildə isə həmin ali təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə edib.
Firuzə Əliyeva






