İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

İran ABŞ-ın atəşkəs təklifini rədd etdi
Kateqoriya məlum deyil
T

ABŞ ilə İran arasında davam edən hərbi gərginlik fonunda yeni iddia gündəmə gəlib.

Sfera.az xəbər verir ki, “The New York Times” qəzetinin İran və İraq rəsmilərinə istinadən yaydığı məlumata görə, İraqın Baş naziri Əli əl-Zeydi Tehrana son səfəri zamanı ABŞ tərəfindən hazırlanan atəşkəs təklifini İran rəhbərliyinə təqdim edib.

Məlumata görə, İran rəsmiləri təklifi qəbul etməyərək, Hörmüz boğazının yekun statusunu həll etməyən "müvəqqəti razılaşma"da maraqlı olmadıqlarını bildiriblər. Onların fikrincə, bölgədə uzunmüddətli sabitliyin təmin olunması üçün əsas mübahisəli məsələlərin, xüsusilə də Hörmüz boğazının hüquqi və təhlükəsizlik statusunun yekun şəkildə həll olunması vacibdir.

Qəzet yazır ki, ABŞ-ın irəli sürdüyü atəşkəs təşəbbüsünün konkret şərtləri və tərəflərə təqdim olunan təklifin detalları hələlik açıqlanmayıb. Rəsmi Vaşinqton və Tehran da bununla bağlı hər hansı bəyanat verməyib.

Xatırladaq ki, diplomatik danışıqlar çərçivəsində İrana səfər edən İraqın Baş naziri Əli əl-Zeydi Tehranda İran Prezidenti Məsud Pezeşkian tərəfindən rəsmi şəkildə qarşılanıb. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Heyətlərarası görüşdən sonra Əli əl-Zeydi və Məsud Pezeşkian müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan bir sıra müqavilə və anlaşma memorandumlarının imzalanması mərasimində iştirak ediblər. Sənədlərin iqtisadiyyat, enerji, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyi bildirilir.

ABŞ və İran arasında gərginliyin davam etdiyi bir dövrdə "The New York Times"ın irəli sürdüyü bu iddia bölgədə diplomatik proseslərlə bağlı diqqətçəkən məlumat kimi qiymətləndirilir. Bununla belə, yayılan məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR