Azərbaycanda milyonçu olmaq üçün nə qədər çalışmaq lazımdır?

Azərbaycanda milyonçu olmaq bir çox insanın maliyyə hədəflərindən biridir.
Lakin bunu yalnız əməkhaqqı hesabına etmək nə dərəcədə mümkündür? Orta maaş alan bir şəxs qazandığı vəsaiti tam şəkildə yığsa, 1 milyon manata çatmaq üçün neçə il işləməlidir?
Sfera.az bu sualın cavabını rəsmi statistik göstəricilər əsasında araşdırıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk beş ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib. Bu o deməkdir ki, orta maaş alan bir işçinin illik gəliri təxminən 14 min 100 manat olur. Sadə hesablamaya əsasən, həmin şəxs qazandığı vəsaitin bir qəpiyini belə xərcləmədən yığsa, 1 milyon manata çatması üçün təxminən 71 il işləməlidir.
Ancaq bu hesablamanın yalnız nəzəri xarakter daşıdığı aydındır. Çünki real həyatda insanlar qazandıqları vəsaiti mənzil, ərzaq, kommunal xidmətlər, nəqliyyat, təhsil, səhiyyə və digər gündəlik ehtiyaclara xərcləyirlər. Məsələn, orta maaş alan şəxs hər ay cəmi 500 manat qənaət edə bilsə, 1 milyon manat toplamaq üçün ona təxminən 167 il lazım olacaq. Əgər aylıq qənaət 300 manat olarsa, bu müddət 278 ilə qədər uzanır.
Bu rəqəmlər göstərir ki, yalnız əməkhaqqı hesabına milyonçu olmaq əksər insanlar üçün praktiki olaraq mümkün görünmür. Elə buna görə də dünyanın ən varlı insanlarının sərvətinin əsas hissəsi maaşdan deyil, biznes, investisiya, daşınmaz əmlak, səhmlər və digər aktiv gəlir mənbələrindən formalaşır.
Maliyyə mütəxəssisləri hesab edirlər ki, əməkhaqqı insanların gündəlik ehtiyaclarını ödəməsi üçün əsas gəlir mənbəyidir. Böyük kapital toplamaq isə uzunmüddətli investisiya, sahibkarlıq fəaliyyəti və əlavə gəlir mənbələrinin yaradılması ilə mümkün olur. Son illər Azərbaycanda da qiymətli kağızlar bazarı, investisiya fondları və sahibkarlıq imkanlarına marağın artması bu baxımdan diqqət çəkir.
Bununla yanaşı, inflyasiya amili də nəzərə alınmalıdır. Bu gün 1 milyon manatın alıcılıq qabiliyyəti ilə 30-40 ildən sonrakı alıcılıq qabiliyyəti eyni olmayacaq. Deməli, yalnız pul yığmaq deyil, həmin vəsaiti gəlir gətirən aktivlərə yönəltmək də vacib hesab olunur.
Beləliklə, rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı ilə çalışan bir şəxsin qazandığı vəsaiti tam şəkildə yığması belə onu yalnız təxminən 71 ildən sonra milyonçu edə bilər. Gündəlik yaşayış xərcləri nəzərə alındıqda isə bu müddət 100 ildən də artıq olur. Bu da göstərir ki, müasir dövrdə milyonçu olmağın yolu təkcə maaş almaqdan deyil, həm də düzgün maliyyə planlaşdırması, investisiya və sahibkarlıq fəaliyyətindən keçir.
Firuzə Əliyeva
Sfera.az
