ABŞ-də yeni infeksiya: 4 mindən çox yoluxma qeydə alındı

ABŞ-də parazitar mədə-bağırsaq infeksiyasının yayılması nəticəsində 4 100-dən çox insan yoluxub.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Məlumata görə, 41 ştatda təsdiqlənmiş 308 nəfər siklosporiaz (cyclospora infeksiyası) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İndiyədək ölüm halı qeydə alınmayıb.
CDC bildirib ki, xəstəliyin əlamətləri adətən Cyclospora cayetanensis paraziti ilə çirklənmiş qida və ya su qəbul edildikdən təxminən bir həftə sonra özünü göstərir. Əsas simptomlar arasında həftələrlə davam edə bilən ishal, qarın ağrısı və digər mədə-bağırsaq pozuntuları yer alır.
Qurumun məlumatına görə, daha 7 400 nəfərdə infeksiyaya şübhə var və araşdırmalar davam edir. Mütəxəssislər yoluxmaların sayının artacağını istisna etmirlər. Bir çox yoluxma halının kahı məhsulları ilə əlaqəli olduğu bildirilir.
İyulun 17-də ABŞ-nin "Taylor Farms" şirkəti Meksikada yetişdirilərək ABŞ-uə ixrac olunan aysberq kahısını geri çağırıb. Buna səbəb ABŞ müstəntiqlərinin epidemiyanın ehtimal olunan mənbəyi kimi Meksikadakı istehsal müəssisələrini göstərməsi olub.
Lakin Meksikanın səhiyyə naziri David Kerşenobiç bu iddialarla razılaşmayıb. O bildirib ki, araşdırmalar zamanı epidemiyanın Quanaxuato ştatından başladığını təsdiqləyən heç bir sübut aşkarlanmayıb.
Bu arada, ABŞ Qida və Dərman Administrasiyası (FDA) da epidemiyanın mənbəyi ilə bağlı ziddiyyətli açıqlamalar verib. Qurum əvvəlcə "Taylor Farms" şirkətinə məxsus Meksika mənşəli kahı nümunəsində parazit aşkar edildiyini bildirsə də, sonradan aparılan təkrar yoxlamadan sonra həmin nəticənin yanlış müsbət olduğu açıqlanıb.
İnci
Sfera.az
