145 milyon işıq ili uzaqlığındakı kəşf: sürətlə böyüyür

145 milyon işıq ili uzaqlığındakı kəşf: sürətlə böyüyür
Kateqoriya məlum deyil
T

“James Webb” kosmik teleskopu kainatın ən sirli obyektlərindən olan superkütləli qara dəliklərin necə sürətlə böyüdüyünü üzə çıxarıb.


Sfera.az xəbər verir ki, alimlər teleskopun əldə etdiyi məlumatlar əsasında qara dəliklərin özünü qidalandıran kosmik “geri dönüşüm” mexanizmini ilk dəfə birbaşa müşahidə ediblər.


Araşdırmanın nəticələrinə görə, superkütləli qara dəliklər ətrafındakı qazı əvvəlcə böyük sürətlə kənara atır. Daha sonra bu qaz soyuyaraq yenidən mərkəzə doğru hərəkət edir. Soyuyan qazlardan əmələ gələn nəhəng filamentlər qara dəliyin ətrafında fırlanan disk formalaşdırır və bununla da yeni qidalanma prosesi başlayır.


Tədqiqatçılar bildiriblər ki, bu mexanizm qara dəliklərin kainatın erkən dövrlərində niyə bu qədər sürətlə böyüdüyünü izah edə bilər.


Tədqiqatın rəhbəri, Monreal Universitetinin alimi Culiya Hlavakek-Larrondo qeyd edib ki, qara dəliklər kainatın ən böyük təkrar emal sistemidir. Onun sözlərinə görə, kosmosa yayılan enerji və qaz zaman keçdikcə yenidən qara dəliyə qayıdır və beləliklə, özünü davam etdirən böyümə dövrü yaranır.


“James Webb” kosmik teleskopu Yerdən təxminən 145 milyon işıq ili uzaqlıqda yerləşən NGC 4696 qalaktikasının mərkəzindəki qaz axınlarının indiyədək ən detallı xəritəsini hazırlayıb. Müşahidələr zamanı eni təxminən 800 işıq ili olan və saatda 2,1 milyon kilometrdən çox sürətlə hərəkət edən nəhəng qaz burulğanı aşkarlanıb. Nottingem Universitetinin alimi Helen Russell də müəyyən edilən geniş qaz axını şəbəkəsinin birbaşa qara dəliyi qidalandıran diskin istiqamətinə yönəldiyini təsdiqləyib.


Alimlərin fikrincə, bu müşahidələr uzun illər yalnız nəzəriyyə kimi qəbul edilən qapalı qidalanma dövrünün son həlqəsini də ilk dəfə birbaşa sübut edib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ