60 il əvvəlki layihəylə yeni avtomobil yaratdılar

"McLaren Automotive" şirkətinin fərdi sifarişlər üzrə ixtisaslaşan "McLaren Special Operations" (MSO) bölməsi 60 il əvvəl hazırlanmış layihə əsasında yeni superkar yaradıb.
Sfera.az xəbər verir ki, söhbət 1968-ci ildə "Le Mans 24 Saat" yarışının qaydalarına uyğun layihələndirilən "McLaren M6GT" modelindən gedir. Avtomobil həmin dövrün orijinal çertyojları və komponentləri əsasında yenidən hazırlanıb. Məlumata görə, bu layihə vaxtilə həyata keçirilməmişdi. Çünki avtomobilin müəllifi, məşhur pilot Brüs Maklaren "Le Mans 24 Saat" yarışında iştirak etmək planından imtina edərək diqqətini Can-Am seriyası və Formula 1 yarışlarına yönəltmişdi.
MSO mühəndisləri avtomobili mümkün qədər orijinalına uyğun şəkildə bərpa ediblər. Layihədə həmin dövrə aid orijinal şassi, bərpa edilmiş asqı elementləri və fiberglas kuzovdan istifadə olunub. Kuzov saxlanılmış çertyojlar və arxiv fotoları əsasında əl işi ilə hazırlanıb. Avtomobil 1967-ci il istehsalı olan "Chevrolet Camaro Z/28" modelinin 4,9 litrlik V8 mühərriki ilə təchiz edilib. Salonunda isə dövrün üslubunu qorumaq üçün yaşıl xalça örtüyü, vinil üzlüklər və qoz ağacından hazırlanmış ötürücü qolu yerləşdirilib. Qeyd edək ki, unikal "McLaren M6GT" bu ay Böyük Britaniyada keçiriləcək "Goodwood" Avtomobil Festivalında ictimaiyyətə təqdim olunacaq.
Firuzə Əliyeva
Sfera.az
