Yay makiyajında edilən ən böyük səhv

Yay aylarında artan istilik və rütubət makiyaj seçiminə də diqqət yetirməyi tələb edir. Mütəxəssislər bildirirlər ki, bu mövsümdə ağır tonal kremlər və qalın korrektorlardan istifadə dərinin sağlamlığına mənfi təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, isti hava şəraitində sebum ifrazı artır və məsamələr daha tez genişlənir. Bu zaman qalın teksturalı tonal kremlər və korrektorlar tərlə qarışaraq məsamələri tıxayır. Nəticədə qara nöqtələrin, sızanaqların və digər dəri problemlərinin yaranma riski yüksəlir.
Mütəxəssislər yay mövsümündə dərinin rahat nəfəs alması üçün ağır örtücülərdən və qalın matlaşdırıcı məhsullardan uzaq durmağı tövsiyə edirlər. Onların əvəzinə rəngli nəmləndiricilər, su əsaslı BB kremlər və yüngül formulalı məhsullar seçmək daha məqsədəuyğundur. Bu vasitələr dərinin təbii görünüşünü qoruyur, üzdə maska effekti yaratmadan təravətli görünüş təmin edir.
Bundan başqa, makiyajın daha uzun müddət qalıcı olması üçün bütün üzə qalın qat pudra çəkmək də düzgün seçim hesab edilmir. Pudra gün ərzində tərlə qarışaraq dəridə ləkəli və mat görüntü yarada bilər. Bunun əvəzinə yalnız ehtiyac olan nahiyələrə bərkidici pudra tətbiq etmək tövsiyə olunur.
Mütəxəssislər günün sonunda iki mərhələli dəri təmizliyinin də vacibliyini vurğulayırlar. Bu üsul makiyaj qalıqlarını və gün ərzində toplanan çirki daha effektiv şəkildə təmizləyərək dərinin sağlam və parlaq qalmasına kömək edir.
Yay makiyajında əsas prinsip isə minimalist yanaşmadır. Ağır makiyaj məhsulları əvəzinə yüngül ənliklər və rəngli dodaq balzamlarından istifadə etmək həm təbii görünüş yaradır, həm də dərinin tarazlığını qoruyur.
Mütəxəssislərin fikrincə, yay mövsümündə ən gözəl görünüş ağır makiyaj deyil, sağlam və nəfəs alan dəridir.
Mənsumə
