2027-ci ildən ucuz smartfonlar bazardan yox ola bilər

Süni intellekt texnologiyalarına artan tələbat smartfon bazarında ciddi qiymət artımına səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, hazırda təxminən 220 dollar qiymətində satılan büdcə telefonları 2027-ci ilə qədər bazardan tamamilə yox ola bilər.
Sfera.az xəbər verir ki, bunun əsas səbəbi süni intellekt məlumat mərkəzləri üçün DRAM yaddaş çiplərinə tələbatın kəskin artmasıdır. Gözləntilərə görə qlobal DRAM istehsalının 60 faizdən çoxu artıq bu sahəyə yönələcək ki, bu da smartfon istehsalçıları üçün xərcləri artıracaq.
Bildirilir ki, “Samsung”, “SK Hynix” və “Micron” dünya DRAM bazarının təxminən 90 faizinə nəzarət edir. Son illərdə yaddaş çiplərinin qiymətində ciddi artım qeydə alınıb və bu tendensiyanın davam edəcəyi gözlənilir.
Analitiklər hesab edirlər ki, yaxın illərdə yaddaş xərcləri bir smartfonun ümumi istehsal dəyərinin 60 faizinə qədər yüksələ bilər. Bu isə həm qiymət artımına, həm də büdcə seqmentində modellərin sayının azalmasına səbəb olacaq.
Çin istehsalçıları yerli çip tədarükü hesabına müəyyən üstünlük əldə etsələr də mütəxəssislər bahalaşmanın qlobal bazarda qaçılmaz olacağını bildirirlər. Buna görə də gələcəkdə istehlakçıların daha yüksək qiymətə daha sadə xüsusiyyətlərə malik telefonlar almaq məcburiyyətində qalacağı proqnozlaşdırılır.
Mənsumə
