Müddətli müqavilə ilə işləyənlərin nəzərinə! – Ali Məhkəmə qərarını açıqladı

Müddətli müqavilə ilə işləyənlərin nəzərinə! – Ali Məhkəmə qərarını açıqladı
Kateqoriya məlum deyil
T

Ali Məhkəmənin Mülki kollegiyası müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunma və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi ilə bağlı iş üzrə qərar qəbul edib.

Bu barədə Sfera.az-a məhkəmədən məlumat verilib.

İşin hallarına görə, mübahisə qurumda müddətsiz əmək müqaviləsi əsasında 5 ildən artıq müddət ərzində çalışmış şəxsin əmək münasibətlərinə xitam verilməsi ilə bağlı yaranıb. İşçi ilə sonradan 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanıb və müddətin bitməsi əsas götürülərək əmək münasibətlərinə xitam verilib. İddiaçı həmin əmrin qanunsuz hesab edilməsini, işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini və digər tələblərin təmin olunmasını xahiş edərək məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı təmin edib.

Ali Məhkəmə qərarında əmək münasibətlərinin hüquqi tənzimlənməsinə dair yanaşmanı geniş şərh edərək bildirib ki, əmək qanunvericiliyi işin xarakterindən asılı olaraq əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasını dəqiq müəyyən edir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduqda, bu münasibətlər müddətsiz əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Müddətli əmək müqaviləsi isə yalnız qanunda birbaşa nəzərdə tutulmuş istisna hallarda tətbiq oluna bilər.

Ali Məhkəmə xüsusilə vurğulayıb ki, iş materiallarına əsasən sözügedən mübahisəli vəzifə üzrə əmək funksiyası daimi xarakter daşıyır və bu hal tərəflər arasında mübahisə doğurmur. Belə olan halda, müddətli əmək müqaviləsinin seçilməsi hüquqi əsasla izah olunmalı, obyektiv zərurət və ya qanuni istisna halları ilə əsaslandırılmalıdır. Əks halda, bu cür müqavilə modeli əmək hüququnun mahiyyətinə zidd nəticələr yarada bilər.

Ali Məhkəmə əlavə olaraq qeyd edib ki, əmək hüququ yalnız müqavilə münasibətlərinin tənzimlənməsi deyil, həm də işçinin konstitusion hüquqlarının qorunmasına xidmət edən hüquq sahəsidir. Bu baxımdan əmək münasibətlərində tərəflərin bərabərliyi, ədalət və qanunun aliliyi prinsipləri əsas götürülməlidir.

Nəticədə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib və apellyasiya instansiyası məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ