İran: ABŞ regiondan çıxmalıdır

İran: ABŞ regiondan çıxmalıdır
Kateqoriya məlum deyil
T

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu tənqid edərək regionda təhlükəsizliyin yalnız Vaşinqtonun geri çəkilməsi ilə təmin oluna biləcəyini bildirib.

Sfera.az xəbər verir ki, Qəribabadi ABŞ Mərkəzi Komandanlığının Bəhreynin paytaxtı Manamada keçirdiyi regional təhlükəsizlik toplantısına münasibət bildirərək deyib ki, bu cür görüşlər Fars körfəzində hüquqi və təhlükəsizlik nizamı formalaşdıra bilməz.

Onun sözlərinə görə, regionun təhlükəsizliyi yalnız xarici müdaxilələrin dayandırılması, ABŞ-ın bölgədən çıxması, ölkələrin suverenliyinə hörmət göstərilməsi və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə mümkündür.

İranlı diplomat həmçinin vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı təhlükəsizlik məsələləri ABŞ Mərkəzi Komandanlığı tərəfindən deyil İranın müəyyən etdiyi çərçivədə həll olunmalıdır.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı iyulun 1-də Bəhreyn Müdafiə Qüvvələrinin ev sahibliyi ilə Manamada regional təhlükəsizlik toplantısı keçirib. Görüşdə Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən yüksək səviyyəli hərbi rəsmilər iştirak ediblər.

Toplantıda regiondakı təhlükəsizlik vəziyyəti, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz keçidinin təmin olunması istiqamətində görülən işlər müzakirə edilib.

Mənsumə

Sfera.az

PAYLAŞ