Avropada rekord istilər: ölənlər var

Fransada təxminən iki həftə davam edən güclü isti dalğası ciddi fəsadlara səbəb olub. Yüksək temperatur nəticəsində çoxsaylı ölüm hallarının qeydə alınması hökumətin böhranla mübarizə tədbirlərinin yetərli olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, Avropada rekord istilərin təsirinə məruz qalan ölkələrdən biri olan Fransada anomal hava şəraiti təhsil, nəqliyyat, səhiyyə və tikinti sektorlarında ciddi çətinliklər yaradıb. Məlumata görə, isti hava ilə əlaqədar 1000-dən çox ölüm hadisəsi qeydə alınıb.

Xəstəxanalarda, məktəblərdə və ictimai nəqliyyatda soyutma sistemlərinin kifayət qədər olmaması, eləcə də hökumətin böhrana qarşı tədbirlərinin səmərəsiz olduğu barədə iddialar müxalifətin tənqidlərinə səbəb olub.
Fransa Milli Assambleyasındakı Ekoloqlar Qrupunun sədr müavini Sirielle Chatelain isti dalğası ilə bağlı Baş nazir Sebastien Lecornuya suallar ünvanlayacaqlarını bildirib.
Ekoloqlar hökuməti isti hava şəraitinə lazımi hazırlıq görməməkdə və qarşıdan gələn istilər üçün kifayət qədər tədbir həyata keçirməməkdə günahlandırıblar.

Solçu La France Insoumise Partiyasının koordinatoru Manuel Bompard da hökumətin fəaliyyətini tənqid edib. O, France 2 kanalında çıxışı zamanı ekoloqların təqdim edəcəyi etimadsızlıq təşəbbüsünü dəstəkləyəcəklərini açıqlayıb.
“Change.org” platformasında başladılan kampaniyada isti dalğası səbəbindən ölüm hallarının artdığı və səhiyyə müəssisələrinin yüksək yüklə fəaliyyət göstərdiyi vurğulanıb.
Kampaniya iştirakçıları yaşlıların, uşaqların və xroniki xəstəlikləri olan şəxslərin yüksək temperaturun təsirlərinə qarşı daha həssas olduğunu qeyd ediblər. Bildirilib ki, Fransada əhalinin böyük hissəsi isti hava səbəbindən gündəlik həyatında ciddi çətinliklərlə üzləşir.
Mənsumə
