ABŞ-da süni intellektlə bağlı fırıldaqçılıq artır

ABŞ-da aparılan yeni araşdırma süni intellekt və “deepfake” texnologiyalarının fırıldaqçılıqda istifadəsinin sürətlə artdığını göstərib. Gallup və Stop Scams Alliance tərəfindən hazırlanan hesabata əsasən, ötən il ölkədə təxminən 15 milyon nəfər fırıldaqçılığın qurbanı olub. Bu isə ABŞ-ın yetkin əhalisinin təxminən 6 faizini təşkil edir. Ümumi maliyyə zərəri isə 68 milyard dollara çatıb.
Sfera.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, uğurlu fırıldaqçılıq hallarının 12 faizində süni intellekt əsaslı texnologiyalardan istifadə olunub. Mütəxəssislər bildirirlər ki, bu cür halların müəyyən edilməsi çətin olduğundan faktiki göstəricinin daha yüksək olması istisna edilmir.
Hesabatda qeyd olunur ki, saxta internet saytları fırıldaqçıların ən çox istifadə etdiyi üsullardan biridir. Bundan əlavə telefon zəngləri, SMS və elektron poçt vasitəsilə qurulan tələlər də geniş yayılıb.
Araşdırma həmçinin göstərib ki, aşağı gəlirli insanlar, ali təhsili olmayan şəxslər və azlıq icmalarının nümayəndələri bu cür dələduzluqlarla daha çox üzləşirlər.
Tədqiqat fırıldaqçılığın təkcə maliyyə deyil, psixoloji baxımdan da ciddi nəticələr doğurduğunu ortaya qoyub. Sorğuda iştirak edənlərin 75 faizi belə hadisələrin onların psixi sağlamlığına və həyat keyfiyyətinə mənfi təsir göstərdiyini bildirib.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt texnologiyalarının inkişafı ilə fırıldaqçılıq üsulları daha da təkmilləşir. Buna görə də vətəndaşların rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirilməsi və qoruyucu tədbirlərin gücləndirilməsi zəruri hesab olunur.
Mənsumə
