Dünyada ən çox tək yaşayan insanların olduğu 10 ölkə – SİYAHI

Dünyada tək nəfərlik ev təsərrüfatlarının sayı artmaqda davam edir. Həyat tərzinin dəyişməsi, urbanizasiya, əhalinin yaşlanması və ailə modelinin transformasiyası nəticəsində xüsusilə inkişaf etmiş ölkələrdə tək yaşayan insanların sayı sürətlə artır.
Mütəxəssislərin fikrincə, sosial rifah sisteminin inkişafı, fərdi həyata marağın artması və evlilik yaşının yüksəlməsi bu tendensiyanı gücləndirən əsas amillərdir.
Subay və ya tək yaşayan insanların payının ən yüksək olduğu ölkələrin siyahısı açıqlanıb.
Sfera.az həmin siyahını təqdim edir:
1. İsveç – 47 faiz
Siyahıya İsveç liderlik edir. Ölkə əhalisinin təxminən 47 faizi tək yaşayır. Güclü sosial rifah sistemi, əlverişli mənzil imkanları və ailələrin kiçilməsi bu göstəricinin yüksək olmasına təsir göstərir.
2.Böyük Britaniya – 34 faiz
Ölkə əhalisinin 34 faizi tək yaşayır. Evlilik yaşının yüksəlməsi və fərdi həyat tərzinə marağın artması əsas səbəblər kimi göstərilir.
3.Yaponiya – 31 faiz
Əhalinin qocalması, aşağı doğum səviyyəsi və kiçik ailə modeli Yaponiyada tək yaşayanların sayını artırıb.
4.İtaliya – 29 faiz
Yaşlı insanların müstəqil yaşamağa üstünlük verməsi və iş səbəbindən ayrı yaşayan gənclər bu göstəricinin yüksəlməsinə təsir edir.
5.ABŞ – 28 faiz
Karyera və təhsilə üstünlük verilməsi eləcə də evlilik yaşının artması ABŞ-da tək yaşayanların sayını artıran əsas amillərdəndir.
6.Kanada – 27 faiz
Yüksək həyat səviyyəsi və sabit iqtisadi mühit xüsusilə böyük şəhərlərdə tək nəfərlik ev təsərrüfatlarının artmasına şərait yaradır.
7.Rusiya – 25 faiz
Karyera yönümlü həyat tərzi, gec evlilik və iqtisadi çətinliklər tək yaşayanların sayının artmasına səbəb olur.
8.Cənubi Afrika – 24 faiz
İşsizlik, iqtisadi problemlər və dəyişən həyat tərzi ölkədə tək yaşayanların sayına təsir göstərən əsas amillərdir.
9.Keniya – 15 faiz
İqtisadi çətinliklər və ailə strukturundakı dəyişikliklər tək nəfərlik ev təsərrüfatlarının sayını artırır.
10.Braziliya – 10 faiz
Siyahını Braziliya tamamlayır. Gənclərin karyera və iqtisadi sabitliyə üstünlük verməsi ailə qurma yaşının gecikməsinə səbəb olur.
Mənsumə
