Ronaldo 41 yaşında necə futbol oynaya bilir?

Bir vaxtlar 30-32 yaş futbolçular üçün karyeranın sonu hesab olunurdusa, bu gün 40 yaşını keçmiş idmançılar hələ də ən yüksək səviyyədə yarışırlar. 41 yaşlı Kriştiano Ronaldo, 40 yaşlı Luka Modriç və digər veteran idmançılar bunun ən parlaq nümunələridir.
Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəbi idman elminin inkişafı, fərdiləşdirilmiş məşq proqramları, düzgün qidalanma, keyfiyyətli yuxu və bərpa proseslərinin daha effektiv idarə olunmasıdır. Alimlər bildirirlər ki, yaş artdıqca sürət və partlayıcı güc azalsa da təcrübə, taktiki düşüncə, qərarvermə və emosional sabitlik güclənir.
Ekspertlər Ronaldonu nümunə göstərərək qeyd edirlər ki, o, illər ərzində oyun tərzini dəyişərək sürətə əsaslanan cinah oyunçusundan daha çox cərimə meydançasında oynayan hücumçuya çevrilib. Bu da ona yüksək səviyyədə çıxışını davam etdirməyə imkan verir.
Araşdırmalara görə, idmançılar artıq GPS izləmə sistemləri vasitəsilə məşq yükünü dəqiq nəzarətdə saxlayır, zədələrdən sonra daha sürətli bərpa olunur və fərdi proqramlarla fiziki imkanlarını uzun müddət qoruyurlar.
Mütəxəssislər vurğulayırlar ki, idmana başlamaq üçün heç vaxt gec deyil. Yaş artdıqca məşqlər daha diqqətli və mərhələli şəkildə planlaşdırılmalı sağlam qidalanma, kifayət qədər yuxu və aktiv həyat tərzi isə uzunömürlü sağlamlığın əsas şərtləri hesab olunur.
Mənsumə
