Oman yoxsa İran marşrutu? - Gəmi sahibləri çaşqınlıq içindədirlər

17 iyunda ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasından sonra Hörmüz boğazında gəmilərin keçidi artıb. Lakin "Financial Times" (FT) qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, Vaşinqton və Tehran gəmi sahiblərinə bu mühüm su yolundan keçməklə bağlı bir-birinə əks olan tapşırıqlar verir.
Sfera.az jurnala istinadən xəbər verir ki, gəmi sahibləri İran, ABŞ və Qərb sığorta şirkətlərindən gələn fərqli təlimatlardan çaşqınlıq içindədirlər və Fars körfəzindən ən təhlükəsiz çıxış yolu barədə qərar verə bilmirlər.
Amerika nəqliyyat və logistika şirkəti "Safesea Shipping"in rəhbəri S. V. Ançanın sözlərinə görə, gəmi sahibləri və operatorları çətin seçim qarşısında qalıblar. Əgər onlar sığortaçıların və ABŞ hökumətinin sözünə baxıb Oman sahillərinə yaxınlaşsalar, İran tərəfinin maneələri ilə üzləşə bilərlər. Digər tərəfdən, əgər onlar İranın təlimatlarına uyğun hərəkət edib İran sahilindən keçsələr, ABŞ sanksiyalarının qaydalarını poza bilər və ya sığorta şirkətlərinin bəzi şərtlərinə zidd hərəkət etmiş olarlar.
Yük sığortası şirkətlərindən birinin adının çəkilməsini istəməyən nümayəndəsinin FT-yə verdiyi məlumata görə, iranlılar gəmilərin İran marşrutundan keçməsini və rüsum ödəməsini tələb edirlər. ABŞ isə gəmilərə Oman marşrutundan keçməyi əmr edir və onları hərbi təyyarələrlə müşayiət edir. Onun sözlərinə görə, bu proses zəif təşkil olunub və pis sonluqla nəticələnə bilər.
Quru yük daşıma şirkəti olan "DryDel Shipping"in baş direktoru Kostas Delaportas bildirib ki, hazırkı vəziyyətdə gəmi sahibləri, operatorlar və sığortaçılar həm təhlükəsizliyi qorumağa, həm də işlərini davam etdirməyə çalışırlar. Bu vəziyyət bəzi gəmi heyətləri arasında qorxu və narahatlıq yaradır.
Firuzə Əliyeva
