"Qalib yoxdur, hər iki tərəf məğlubdur" - EKSPERT

Vaşinqton və Tehran arasında əldə olunmuş Anlaşma Memorandumunun rəsmi bəndləri ictimaiyyətə açıqlanıb. İki ölkə arasındakı geosiyasi gərginliyi azaltmaq və müəyyən istiqamətlərdə kompromis əldə etmək məqsədi daşıyan 14 maddəlik sənəd analitiklər tərəfindən geniş müzakirə olunmağa başlayıb. Memorandumun mətnini və maddələrini nəzərdən keçirən bir çox ekspert bu razılaşmada xüsusilə İranın daha əlverişli və qazanclı mövqedə olduğunu iddia edir. Layihənin regiondakı güclər nisbətinə necə təsir edəcəyi maraq doğurarkən, əsas müzakirə mövzusu tərəflərin bu sazişdən nə dərəcədə faydalanacağı ilə bağlıdır.
Bəs mövcud şərtlər daxilində ABŞ, yoxsa İran daha qazanclı çıxacaq?
Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, anlaşma memorandumu İran və Amerika Birləşmiş Ştatlarının xoş niyyətinin göstəricisidir və danışıqların başlaması üçün əsas rolunu oynayır:
“Lakin İranla Amerika Birləşmiş Ştatları arasında əsas danışıqlar bundan sonra başlayacaq və ən mühüm məsələlərlə bağlı razılaşma məhz bundan sonrakı, yəni altmış gün ərzində əldə olunacaq. Bu səbəbdən, hazırda kimin daha qazanclı çıxdığını söyləmək çox çətindir. Tamamilə mümkündür ki, altmış gün davam edəcək danışıqlar nəticəsiz başa çatsın və hərbi əməliyyatlar yenidən başlasın. Üstəlik, İranın əsas öhdəlikləri yekun sənəddə öz əksini tapacaq”.

Ekspert bildirib ki, uzun müddətdir Amerika Birləşmiş Ştatları və Avropa üçlüyü İrandan nüvə proqramı ilə bağlı müəyyən tələblər irəli sürür:
“Bunlara ölkə daxilində zənginləşdirmənin dayandırılması, 60 faiz zənginləşdirilmiş uranın ölkədən çıxarılaraq Amerika Birləşmiş Ştatlarına verilməsi, İranın nüvə silahından və nüvə silahı yaratmaq niyyətindən imtina etməsi və digər məsələlər daxildir. Bu məsələlərlə bağlı müharibə ərəfəsində razılığa gəlmək mümkün olmadı. İndi isə ilkin razılaşmalar olmasaydı, bu memorandum da ortaya çıxmazdı. Bu səbəbdən, İranın yekun sazişdə daha çox güzəştə getmək ehtimalı var. Yekun sənəd yalnız imzalandıqdan sonra biz qəti şəkildə deyə biləcəyik ki, bu müharibədə və bu çəkişmədə kim qalib gəldi. Hələlik isə hesab edirəm ki, qalib yoxdur. Hər iki tərəf məğlubdur və İran da böyük zərbə alıb. Bu dağıntıları və dəymiş zərəri aradan qaldırmaq üçün İran dövlətinin ciddi yardımlara ehtiyacı var”.
Bəsti Rəfizadə


