İranın “ədalətli razılaşma” mesajının arxasında nə dayanır? - AÇIQLAMA

İranın "ədalətli razılaşma" mesajının arxasında nə dayanır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İranın nüvə proqramı uzun illərdir beynəlxalq gündəmin diqqət mərkəzindədir. Tehranın sülhməramlı nüvə fəaliyyətləri və bu sahədə potensial imkanları Qərb dövlətləri, xüsusilə ABŞ və İsrail tərəfindən ciddi şəkildə izlənilir.

 

Nüvə proqramı ilə bağlı diplomatik danışıqların canlanması, regionda siyasi gərginlik və təhlükəsizlik məsələlərinin yenidən aktuallaşması müşayiət olunub. Bu kontekstdə İranın Xarici İşlər Naziri Abbas Əraqçi açıqlama verərək ölkəsinin diplomatiyadan yana olduğunu vurğulayıb. O bildirib ki, İranın sülhməramlı nüvə proqramı ilə bağlı razılaşma əldə etmək mümkündür, lakin bu yalnız ədalətli və balanslı olduğu təqdirdə mümkündür. Bu açıqlama bir sıra vacib sualları ortaya çıxarıb.

 

Məsələn, nüvə proqramı ilə bağlı “ədalətli razılaşma” konkret olaraq hansı prinsiplərə əsaslanmalıdır? İran üçün “ədalətli qərar” dedikdə nə başa düşülür?

 

Bu haqda Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlının sözlərinə görə, İran tərəfi ədalətli qərar deyərkən əslində, nüvə proqramının davam etdirilməsini nəzərdə tutur:

 

 

“Yəni, İran tərəfi qeyd edir ki, bu məsələ daha öncə də gündəmə gəlmişdir. İranın mülki nüvə proqramı saxlanılmalıdır. Onlar bildirirlər ki, bu, sülh məqsədli bir proqramdır və əsas məqsəd nüvə silahının əldə edilməsi deyil. Buna görə də İranın mülki nüvə proqramını davam etdirmək hüququ vardır. Onlar qərar verərkən buna əsas tuturlar. Lakin əslində, bütün tərəflər səmimi olarsa, İran bir dövlət kimi mülki nüvə proqramını davam etdirmək hüququna malikdir. Bu, onun suveren hüququdur və əgər tərəflər ədalətli qərar qəbul etmək istəsələr, bu məsələlər nəzərə alına bilər. Lakin burada təkcə Amerika və ya İsrailin İranın nüvə proqramını ləğv etməsi tələbi əsas səbəb deyil. Təbii ki, onların belə bir tələbi var və bunun da real faktlara əsaslanan bir səbəbi mövcuddur. Çünki İran nə qədər bəyan etsə də ki, nüvə proqramı sülh məqsədli, yəni mülki proqramdır, bu, şübhəlidir. İranın mövcud hakimiyyətinin əsas hədəfi nüvə silahını əldə etməkdir”.

 

Ekspertin fikrincə, son dövrlər İran ətrafında başlayan proseslər göstərir ki, İran rejiminin real müttəfiqi yoxdur:

 

“Ona görə də nüvə silahına həm təhlükəsizliyi təmin etmək, həm də geosiyasi maraqlarını qorumaq məqsədilə baxırlar. Bu baxımdan, İranın nüvə proqramını sülh məqsədli inkişaf etdirmək niyyəti şübhəlidir. Amerika və İsrail tərəfi isə İranın nüvə proqramının tamamilə dayandırılmasını istəyir. İranın dərinliklərində gizlədilən obyektlər və uranın saxlandığı yerlər hələ də məlum deyil. 12 günlük müharibə zamanı vurulan obyektlər bəlli olsa da, digər obyektlərin yerləri barədə məlumat qıtlığı mövcuddur və Amerika ilə İsrailin həmin yerlərə çıxışı yoxdur. Bu da göstərir ki, İran hakimiyyəti bu məsələlərdə tam səmimi deyil. Beynəlxalq hüquqda İran mülki nüvə proqramını davam etdirmək hüququna malikdir.

Amma praktikada əsas məsələ onların bu proqramı yalnız sülh məqsədilə istifadə edib-etməməsidir. Bu suallar və şübhələr məsələnin dialektik xarakter daşımasına səbəb olur. Mənim fikrimcə, əgər İran tərəfi ciddi razılaşma etmək istəyirsə, nüvə proqramından tamamilə imtina etməlidir. Bu, yalnız İranın yox, həm də region ölkələrinin təhlükəsizliyi üçün vacibdir. Mövcud rejimin siyasətində nüvə silahına malik olması region üçün təhlükə yaradır. Əgər bu rejim nüvə silahına sahib olarsa, region üçün daha təhlükəli vəziyyət yarana bilər. Bu səbəbdən nüvə proqramı ilə bağlı müzakirələr real vəziyyətlə üz-üzədir və ortaq fikir tapmaq çətindir. İranın səmimiyyəti və real niyyətləri hələ də şübhə altındadır”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ