Əraqçidən yeni saziş anonsu - "İran bundan müvəqqəti yayınacaq..."

Əraqçidən yeni saziş anonsu - "İran bundan müvəqqəti yayınacaq..."
Kateqoriya məlum deyil
T

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran nüvə silahının hazırlanmasını istisna edən və ölkənin atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnu təmin edəcək yeni saziş təklifi üzərində işləyir.

 

Nazirin sözlərinə görə, o, komandasına nüvə silahının hazırlanmayacağına zəmanət verən, eyni zamanda İranın nüvə texnologiyasından elektrik enerjisi istehsalı, tibb və kənd təsərrüfatı sahələrində dinc məqsədlərlə istifadə hüququnu qoruyan mümkün plan və ya təklif hazırlamağı tapşırıb.

 

Yeni saziş hansı müddəaları özündə ehtiva edə bilər?

 

Siyasi şərhçi Tural İrfan mövzu ilə bağlı Sfera.az-a açıqlamasında sözügedən bu təklifin İranın təklifi olduğunu bildirib:

 

 

“Əslində uzun illərdir İran eyni sözü deyirdi. İndi nə dəyişdi? Sanki ABŞ İranın bu niyyətini bilmirmiş, indi xəbər tutub razılığa gələcək. Qərb ümumiyyətlə dinc yaxud nadinc məqsədlərlə olsun, İranın nüvə zənginləşdirməsini istəmir. Çünki hər bir halda bu rejimin ömrünü uzada bilər. İran siyasətini, hətta müəyyən qədər dövlət ideologiyasını dəyişməlidir. Başqa cür mümkün deyil”.

 

T.İrfan qeyd edib ki, İran müvəqqəti olaraq ABŞ-nin təziqlərindən yayına bilər, amma bu hər zaman olmayacaq:

 

“Zənnimcə ABŞ buna razı olmayacaq. Dinc məqsədlərlə zənginləşdirilməsi nəzərdə tutulmuş nüvə bir müddətdən sonra artıq nüvə silahı hazırlama üçün vasitə ola bilər. İran nüvə haqda deyil, rejimləri haqda düşünməlidir. Reform və islahata qapalı, qatı diktatura üsulunda orta əsr ənənələri ilə xalqı qırmaq, iqtisadiyyatı məhv etmək, din adı ilə əhaliyə işgəncələr tətbiq etmək kimi metodlar qanundan çıxarılmalı, hakimiyyət islahata getməlidir. Əsas səlahiyyətlər az bir çevrənin seçdiyi dini liderdə deyil, bütün xalqın seçdiyi prezidentə verilməlidir. Belə olduğu halda nüvə məsələsinin həlli də təbii ki, asanlaşa bilər”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ