“Apple” ağıllı evlər üçün yeni cihazlarını təqdim edəcək

“Apple” ağıllı evlər üçün yeni cihazlarını təqdim edəcək
Kateqoriya məlum deyil
T

“Apple” şirkəti qatlana bilən “iPhone Duo” modelinin satışa çıxarılmasına az qalmış ağıllı ev texnologiyaları ilə bağlı yeni təqdimat keçirməyə hazırlaşır. Şirkətin “Welcome Home” (“Evə xoş gəlmisiniz”) adlandırdığı tədbirdə yeni cihazların təqdim olunacağı gözlənilir.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir oktyabrın 13-də ABŞ-nin şərq sahili vaxtı ilə saat 09:00-da keçiriləcək.

Təqdimat barədə məlumatı “Apple” şirkətinin marketinq rəhbəri Qreq Josviak sosial şəbəkədə paylaşıb. O, paylaşımına “Apple” loqosunun rəngli saplarla tikildiyi videonu da əlavə edib. Lakin şirkət tədbirdə hansı məhsulların təqdim ediləcəyini açıqlamayıb.

Texnologiya nəşrlərinin ehtimallarına görə, təqdimatın əsas yeniliyi evdə istifadə üçün nəzərdə tutulan ağıllı idarəetmə mərkəzi ola bilər. “HomePad” adlandırılan bu cihazın planşetə bənzəyəcəyi və evdə daimi yerləşdiriləcəyi güman edilir. Cihazın otaqda olan şəxsləri tanıyaraq ekrandakı məlumatları onların ehtiyaclarına uyğun dəyişə biləcəyi bildirilir.

“Bloomberg” nəşrinin jurnalisti Mark Qurmanın məlumatına görə, şirkət yeni “HomePod mini” dinamikini və yenilənmiş “Apple TV” cihazını da təqdim edə bilər. Bu məhsullarda “Siri” süni intellekt köməkçisinin əsas rol oynayacağı gözlənilir. Yeni prosessorun “HomePod mini” cihazında təkmilləşdirilmiş “Siri” funksiyalarının işləməsinə imkan verəcəyi ehtimal olunur.

Digər iddialara əsasən, “Apple” təhlükəsizlik kameraları və ağıllı qapı kilidləri də daxil olmaqla, öz ağıllı ev cihazlarını hazırlayır. Bu istiqamətdə şirkətin “LG” ilə əməkdaşlıq etdiyi bildirilir.

Təqdimat şirkətin yeni məhsullarını bazara çıxarmağa hazırlaşdığı dövrə təsadüf edir. “Apple” sentyabrda “iPhone 18 Pro” seriyasını, qatlana bilən “iPhone Duo” modelini, “AirPods 5” qulaqlıqlarını və yeni “Apple Watch” saatlarını təqdim edib. “iPhone Duo” modelinin satışlarının isə oktyabrın 23-də başlaması gözlənilir.

Qeyd edək ki, “Welcome Home” tədbirində təqdim ediləcəyi ehtimal olunan məhsullar barədə məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR