Logo

Ölüm hökmünün qüvvədə olduğu ölkələr: İnsanlar hansı cinayətlərə görə edam olunur?

Ölüm hökmünün qüvvədə olduğu ölkələr: İnsanlar hansı cinayətlərə görə edam olunur?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın bir sıra ölkələrində ölüm hökmü hələ də ən ağır cəza növü kimi tətbiq olunur. Bu ölkələrdə insanlar yalnız qətl törətdiklərinə görə deyil, narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorçuluq, dövlətə xəyanət və digər ağır cinayətlərə görə də edam edilə bilərlər.

Lakin ölüm hökmünün tətbiq səbəbləri ölkələrin qanunvericiliyinə görə fərqlənir.

Sfera.az xəbər verir ki, “Amnesty International” təşkilatının 2025-ci il üzrə hesabatına əsasən, 54 ölkənin qanunvericiliyində ölüm hökmü adi cinayətlərə görə də nəzərdə tutulur. Daha 145 ölkə isə bu cəzanı tamamilə ləğv edib və ya faktiki olaraq tətbiq etmir.

Ölüm hökmünün qüvvədə olduğu ölkələr arasında Çin, İran, Səudiyyə Ərəbistanı, İraq, Əfqanıstan, Pakistan, Hindistan, Yaponiya, Şimali Koreya, Banqladeş, İndoneziya, Malayziya, Sinqapur və Vyetnam var. ABŞ-də də bir sıra ştatlarda bu cəza tətbiq olunur.

Avropada isə ölüm hökmünü qanunvericiliyində saxlayan yeganə ölkə Belarusdur.

Bəs bu ölkələrdə insanlar konkret olaraq hansı səbəblərə görə edam edilir?

Çində ölüm hökmü əsasən qəsdən adam öldürmə, ağır narkotik cinayətləri, dövlət təhlükəsizliyinə qarşı əməllər, eləcə də xüsusilə ağır korrupsiya və bəzi maliyyə cinayətlərinə görə tətbiq olunur. Ölkədə korrupsiya nəticəsində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi də müəyyən hallarda ölüm hökmünə səbəb ola bilər. İranda edamların əsas səbəbləri qətl, narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorçuluq və dövlət təhlükəsizliyinə qarşı cinayətlərdir. Bundan başqa, ölkənin cinayət qanunvericiliyində bəzi dini xarakterli əməllərə görə də ölüm hökmü nəzərdə tutulur.

Səudiyyə Ərəbistanında insanlar qətl, terrorçuluq, narkotik vasitələrin qaçaqmalçılığı və dövlət təhlükəsizliyinə qarşı ağır cinayətlərə görə edam edilə bilər. Ölkədə narkotik cinayətləri də edamların əsas səbəblərindən biridir. Sinqapurda ölüm hökmü xüsusilə müəyyən miqdardan artıq narkotik vasitələrin qanunsuz idxalı və dövriyyəsinə görə tətbiq olunur. Bundan başqa, qəsdən adam öldürmə və bəzi odlu silah cinayətləri də bu cəza ilə nəticələnənir. Yaponiyada ölüm hökmü əsasən çoxsaylı insan tələfatı ilə nəticələnən ağır qətl cinayətlərinə görə verilir.

Hindistanda isə bu cəza yalnız müstəsna dərəcədə ağır hesab edilən cinayətlərə, o cümlədən bəzi qətl, terrorçuluq və seksual zorakılıq halları ilə bağlı cinayətlərə görə nəzərdə tutulur. ABŞ-də ölüm hökmü əsasən ağırlaşdırıcı hallarla törədilmiş qətllərə, o cümlədən bir neçə şəxsin öldürülməsi, uşaqların qətli və bəzi hallarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının öldürülməsinə görə tətbiq edilir.

Pakistan, Banqladeş və Əfqanıstanda isə qətl, terrorçuluq, dövlətə qarşı ağır cinayətlər və bəzi digər əməllər ölüm hökmü ilə cəzalandırıla bilər. İraq və Misirdə də terrorçuluq və ağır qətl cinayətləri edam qərarlarının əsas səbəbləri arasındadır. “Amnesty International”ın məlumatına görə, 2025-ci ildə dünyada ən azı 2 707 edam qeydə alınıb. Onlardan 2 159-dan çoxu İranda, 356-dan çoxu Səudiyyə Ərəbistanında, 51-dən çoxu Yəməndə, 47-si isə ABŞ-da həyata keçirilib.

Çin, Şimali Koreya və Vyetnamda da edamların olduğu bildirilir, lakin bu ölkələr üzrə dəqiq rəqəmlər açıqlanmır. Qeyd edək ki, Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv edilib. Hazırda ölkədə heç bir cinayətə görə bu cəza tətbiq edilə bilməz.

İradə Elsevər

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR