Şeyxin bədəni niyə çürüməyib? - "Diri Baba" türbəsindən REPORTAJ
Birinci mərtəbəsi namazgahdır, ikinci mərtəbəsində isə şeyx xəlvətə çəkilib...
Divarları əsrlərin izlərini daşıyan, qayaların qoynunda yerləşən bu türbə haqqında yüz illər əvvəl səyyahlar yazıb, rəvayətlər isə bu günə qədər gəlib çatıb. Söhbət Qobustanda yerləşən, adı ilə belə maraq doğuran "Diri Baba" türbəsindən gedir.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakı-Şamaxı yolunda yerləşən "Diri Baba" türbəsində oldum.

Dağın döşündə, sanki qayaya bitişik şəkildə ucalan bu tikili təkcə xarici görünüşü, mistikası ilə diqqət çəkmir. Türbənin içərisinə daxil olduqda burada qorunan tarixin başqa qatları ilə qarşılaşırsan. "Diri Baba" türbəsi sadəcə qədim tikili deyil. Bura əsrlərdir müxtəlif rəvayətlərin danışıldığı, səyyahların da qeydlərində yer alan və sufi ənənələri ilə əlaqələndirilən məkandır.
Bir mərtəbə namazgah, digəri xəlvət otağı

Türbənin daxili quruluşu da onun tarixi ilə bağlı maraqlı məlumatlar verir. Birinci mərtəbə namazgah kimi istifadə olunub. İkinci mərtəbə isə şeyxin ibadət edərək dünya işlərindən uzaqlaşdığı, xəlvətə çəkildiyi otaq kimi təqdim olunur. Diri Baba adının yaranması ilə bağlı əsas rəvayət də məhz burada yaşadığı deyilən şeyxin taleyi ilə əlaqələndirilir. Deyilənə görə, şeyx vəfat etdikdən sonra onun bədəni uzun müddət çürüməyib. Yerli camaat bu səbəbdən onu “Diri Baba” adlandırmağa başlayıb. Bu hekayə türbənin adını əsrlər boyu yaddaşlarda saxlayan əsas rəvayətlərdən biridir.
Əsrlər əvvəl səyyahların diqqətini çəkib
Diri Baba türbəsi hələ XVII əsrdə xarici səyyahların da maraq dairəsində olub. 1636-cı ildə alman səyyahı Adam Oleari bu ərazini ziyarət edib və türbə haqqında qeydlər aparıb. 1647-ci ildə isə Osmanlı səyyahı Övliya Çələbi buraya gəlib. O, “Səyahətnamə” əsərində türbə ilə bağlı məlumatlara yer verib. Çələbinin qeydlərində şeyxin bədəninin uzun müddət çürümədən qalması haqqında rəvayət də əksini tapıb. Səyyahın təsvirinə görə, şeyxin bədəni saç-saqqalında dəyişiklik olmadan divara söykənmiş vəziyyətdə qalıb və canlı insan təsiri bağışlayıb.
Bu qeydlər "Diri Baba" haqqında rəvayətlərin yüz illər əvvəl də yayıldığını göstərir. Türbə ilə bağlı hekayələr yalnız yerli əhali arasında deyil, buraya gələn səyyahların yazılarında da özünə yer tapıb.
XIX əsrdə də abidəyə elmi maraq davam edib. 1861-ci ildə rus şərqşünası və tədqiqatçısı Bartolomey Dornun bölgədə aparılan elmi araşdırmalarla əlaqəli olaraq türbəni tədqiq etdiyi və onun təsvirlərini hazırladığı bildirilir.
İtən kitabənin izi Sankt-Peterburqa aparır

Türbənin tarixini öyrənmək baxımından kitabə xüsusi əhəmiyyət daşıyır. Abidənin tikilmə tarixi ilə bağlı məlumat məhz onun üzərindəki yazı ilə əlaqələndirilir. Tarixi qeydlərə görə, türbənin mərtəbələrini bir-birindən ayıran daş kitabədə abidənin hicri təqvimi ilə 805-ci ildə, miladi təqvimi ilə 1402-ci ildə Şirvanşah İbrahimin əmri ilə tikildiyi göstərilib. Rəvayət və tarixi araşdırmalara dair məlumatlarda kitabənin sonradan abidədən götürüldüyü, onun taleyinin isə uzun müddət naməlum qaldığı bildirilir. 1875-ci ildə Dornun arxivinin yanması nəticəsində kitabə ilə bağlı materiallar da it-bata düşüb. Daha sonra, 1965-ci ildə tarixçi-tədqiqatçı Məşədixanım Nemətin Sankt-Peterburqdakı Ermitaj muzeyində həmin kitabənin surətinə rast gəldiyi qeyd olunur. Bu məlumatlar "Diri Baba" türbəsinin tarixinin yalnız onun divarlarında deyil, müxtəlif arxivlərdə və tədqiqatlarda da iz buraxdığını göstərir.
Qayaların içində sufilərin izləri
Türbənin ətrafında yerləşən mağaralar da məkanın diqqətçəkən hissələrindəndir. Buradakı təbii qaya oyuqlarının və otaqların vaxtilə sufilər və dərvişlər tərəfindən ibadət, düşüncə və xəlvət üçün istifadə olunduğu bildirilir.
"Diri Baba" türbəsi sufi ənənəsinin xəlvətilik qolu ilə də əlaqələndirilir. Xəlvətlilik insanın müəyyən müddət dünya qayğılarından uzaqlaşaraq ibadətə və mənəvi düşüncəyə yönəlməsini əsas götürən sufi ənənələrindən biridir.
Xəlvətilik tarixən Azərbaycanda və regionun digər ərazilərində yayılıb, sonradan Anadoluya və daha geniş coğrafiyaya təsir göstərib. Bu baxımdan Diri Baba ərazisi təkcə memarlıq abidəsi deyil, həm də bölgənin dini-mənəvi irsini araşdırmaq üçün əhəmiyyətli məkandır.
Naxışların da öz dili var

Türbənin memarlığında diqqət çəkən detallardan biri pəncərələrdə və bəzək elementlərində istifadə olunan həndəsi naxışlardır. Divarlarda əks olunan səkkizguşəli ulduz cənnəti, dördguşəli naxış isə dörd səmavi kitabı simvolizə edir. Bu da sözügedən təriqətin bütün dinlərə hörmətlə yanaşılmalı olduğu mesajını ötürür.
Bu gün də turistlərin maraq dairəsindədir
"Diri Baba" türbəsi əsrlər əvvəl olduğu kimi, bu gün də yerli və xarici ziyarətçilərin diqqətini çəkir. Abidə həm tarixi memarlığı, həm də onunla bağlı rəvayətləri öyrənmək istəyən turistlər üçün maraqlı istiqamətlərdən biridir.
2026-cı ilin yanvar-sentyabr aylarında türbəni ümumilikdə 28 215 turist ziyarət edib. Onlardan 12 175-i xarici, 16 040-ı isə yerli turist olub. ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri və hətta Madaqaskardan gələn ziyarətçilər bu qədim məkanla maraqlanırlar. Biz türbədə olarkən hava yağışlı və dumanlı idi. Lakin buna rəğmən yenə də abidəyə turist axınına, tikiliyə böyük maraq olduğuna şahidlik etdik.
Əzizə Zeynal
Sfera.az












