Səhər yeməyini bu saatdan gec yeməyin!

Səhər yeməyini bu saatdan gec yeməyin!
Kateqoriya məlum deyil
T

Sağlam həyat üçün yalnız qəbul edilən qidaların tərkibi deyil, onların hansı saatda yeyilməsi də mühüm əhəmiyyət daşıyır. Yeni araşdırma səhər yeməyini gec yeyən insanlarda ürək-damar xəstəlikləri ilə bağlı ölüm riskinin daha yüksək olduğunu ortaya qoyub.

Sfera.az xəbər verir ki, “European Journal of Clinical Nutrition” jurnalında dərc olunan araşdırmada səhər yeməyini erkən yeyən şəxslərdə ürək-damar xəstəlikləri ilə bağlı ölüm riskinin daha aşağı olduğu müəyyənləşib.

ABŞ-da 40 yaşdan yuxarı 31 min yetkin insanın 8,5 il ərzindəki məlumatlarının təhlil edildiyi kohort araşdırmasına görə, səhər yeməyini saat 07:00-08:00 arasında edənlərin 12:00 və daha sonra ilk qidasını qəbul edənlərlə müqayisədə gözlənilən ömür müddəti təxminən 2,5 il daha uzun olub. Eyni zamanda, erkən səhər yeməyi yeyənlərdə ürək-damar xəstəlikləri ilə bağlı ölüm riskinin daha aşağı olduğu bildirilib.

Araşdırmada gec saatlarda nahar və xüsusilə axşam yeməyinin də sağlamlığa mənfi təsir göstərə biləcəyi qeyd olunub. Məlumata görə, axşam yeməyinin 19:00-20:00 arasında yeyilməsi daha uyğun hesab edilir, daha gec saatlarda qida qəbulunun isə gözlənilən ömür müddətinə mənfi təsir göstərə biləcəyi vurğulanır.

Mütəxəssislər bildirirlər ki, günün ilk yeməyinin vaxtında qəbul edilməsi qan şəkərinin tənzimlənməsi, ürək-damar sistemi və ümumi metabolik sağlamlıq baxımından əhəmiyyətlidir. Orqanizmin bioloji ritminin səhər saatlarında qida qəbuluna daha uyğun olduğu qeyd edilir.

Araşdırmanın nəticələrinə əsasən, səhər yeməyinin mümkün qədər saat 10:00-dək, axşam yeməyinin isə 19:00-20:00 radələrində qəbul edilməsi tövsiyə olunur. Bununla yanaşı, mütəxəssislər yalnız yeməyin vaxtına deyil, porsiyanın ölçüsünə, qidaların müxtəlifliyinə və onların təbii, qida dəyəri yüksək məhsullardan seçilməsinə də diqqət yetirməyi məsləhət görürlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR