Ağıllı eynəklərlə gizli çəkiliş – Ölkəmizdə problemə çevrilə bilər?

Ağıllı eynəklərlə gizli çəkiliş – Ölkəmizdə problemə çevrilə bilər?
Kateqoriya məlum deyil
T

Texnologiyanın inkişafı ilə kamera, mikrofon və süni intellekt funksiyalarına malik “ağıllı eynəklər” də gündəlik həyata daxil olub.

Bu cihazlar artıq Azərbaycanda da satışdadır. Məsələn, “Ray-Ban Meta smart” eynəkləri yerli mağazalarda təklif olunur və onların bəzi modellərində kamera, mikrofon və süni intellekt funksiyaları mövcuddur.

Lakin bu texnologiyanın yayılması şəxsi həyatın toxunulmazlığı ilə bağlı sualları da artırıb. Fransada məsələ artıq hüquq-mühafizə və məlumatların qorunması qurumlarının diqqətindədir. Paris prokurorluğu smart eynəklər vasitəsilə qadınların küçədə onların xəbəri və razılığı olmadan çəkilməsi ilə bağlı araşdırmaya başlayıb.

Fransanın məlumatların qorunması üzrə qurumu CNIL isə bu cihazların insanların görüntü və səslərini ətrafdakı şəxslərin bundan tam xəbərdar olmadığı şəraitdə qeydə ala bilməsinin ciddi məxfilik riskləri yaratdığını bildirib.

Bəs Azərbaycanda bir şəxsin xəbəri və razılığı olmadan kameralı ağıllı eynəklə onun görüntüsünün çəkilməsi hansı hallarda hüquq pozuntusu hesab edilə bilər? Belə cihazların sui-istifadə riski nə qədərdir?

Məsələ ilə bağlı süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlama verib. O, burada əsas problemin cihazın özü deyil, onun necə istifadə olunmasında olduğunu açıqlayıb:

“Ağıllı eynək mahiyyətcə smartfondan çox fərqlənmir. O da kamera, mikrofon və süni intellekt funksiyaları olan bir cihazdır. Fərq ondadır ki, telefonla çəkiliş göz qabağındadır, eynəklə isə insan çox vaxt çəkildiyini hiss etmir. Bəzi modellərdə çəkiliş zamanı yanan indikator işığı var, amma küçə şəraitində, xüsusilə gündüz, ona hər kəs diqqət yetirmir. Hüquqi çərçivəyə gəldikdə, ümumi yanaşma kimi görürəm ki, Azərbaycanda şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması qanunvericiliklə təminat altındadır. İnsanın görüntüsü və səsi də onun şəxsi məlumatı sayıla bilər. Mənim fikrimcə, ictimai yerdə sadəcə kadra düşmək ilə kiminsə məqsədyönlü şəkildə, xəbəri olmadan çəkilməsi, bu görüntünün yayılması, təhqir, şantaj və ya təqib üçün istifadə edilməsi fərqli vəziyyətlərdir. İkinci halda artıq ciddi hüquqi suallar yaranır”.

Ekspert sui-istifadə riski haqqında açıqlama verərək burada bir neçə istiqamətin olduğunu vurğulayıb:

“İnsanların, xəbəri olmadan çəkilib sosial şəbəkələrdə paylaşılması, gizli qeydə alınmış danışıqların sonradan kontekstdən çıxarılması, bu görüntülərin süni intellekt alətləri ilə emal olunaraq "deepfake" kontentə çevrilməsi əsas məsələlərdir. Süni intellekt funksiyaları üz tanıma və məlumat axtarışı ilə birləşəndə risk daha da artır, çünki küçədə təsadüfi çəkilmiş bir insanın kimliyi haqqında məlumat toplamaq texniki baxımdan asanlaşır. Fransada başlayan araşdırmalar da göstərir ki, bu artıq nəzəri deyil, real problemdir. Bununla belə, həll yolunu qadağada görmürəm. Bu cihazların faydalı tərəfləri də var: görmə qabiliyyəti zəif insanlar üçün köməkçi funksiyalar, tərcümə, iş prosesində əlləri sərbəst saxlamaq kimi. Mənim baxışım budur ki, burada üç şey paralel getməlidir: istehsalçıların şəffaflığı (çəkilişin ətrafdakılar üçün aydın görünməsi), aydın tənzimləmə və istifadəçilərin rəqəmsal etika savadlılığı. Texnologiya sürətlə gəlir, amma "razılıq" anlayışı hər zaman insanın məsuliyyəti olaraq qalır. Başqasını çəkməzdən əvvəl sadə sual vermək lazımdır: bu insan çəkildiyini bilsəydi, buna razı olardımı?”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR