2027-ci ildə Avropada haraya səyahət etmək lazımdır? - SİYAHI AÇIQLANDI

Dünyaca məşhur bələdçi nəşriyyatı "Lonely Planet" növbəti məzuniyyət mövsümü öncəsi ənənəvi "Best in Travel 2027" siyahısını təqdim edib.
Bütün dünya üzrə səyahət ekspertlərinin seçimləri əsasında hazırlanan siyahıda Avropanın 10 gözəl məkanı və unudulmaz təcrübəsi yer alıb.
Sfera.az xəbər verir ki, nəşr tövsiyələrini iki hissəyə ayırıb: 25 gəzməli məkan və 25 mütləq sınanmalı təcrübə. Siyahıya Xorvatiyanın Şibenik şəhərindən tutmuş İsveç Rivyerasınadək fərqli guşələr daxil edilib.
Avropada 2027-ci il üçün seçilən ən yaxşı gəzməli məkanlar arasında İtaliyanın Veneto bölgəsi öndə gəlir. "Lonely Planet" turistləri yalnız Venesiya ilə kifayətlənməyib Dolomit alp dağlarını, Qarda gölünü, eləcə də Verona və Paduya şəhərlərini kəşf etməyə çağırır. Cənubi Avropanın ən qədim şəhərlərindən biri olan Xorvatiyanın Şibenik şəhəri isə heyranedici memarlığı, zəngin mətbəxi və rəngarəng festivalları ilə diqqət çəkir.
İspaniyanın şimalındakı orta əsrlər şəhəri Leon məsuliyyətli səyahət etmək istəyənlər üçün ideal seçim kimi göstərilib. Şəhər möhtəşəm qotika memarlığı və Antoni Qaudinin "Kasa Botines" binası ilə məşhurdur. Sərin iqlimdə dincəlmək istəyənlər üçün İsveçin Skone əyalətində yerləşən Skanör-Falsterbo əkiz şəhərləri tövsiyə olunur.
"İsveç Rivyerası" kimi tanınan bu ərazidə sahil mənzərələrindən zövq almaq mümkündür. Almaniyanın Dessau şəhəri isə məşhur "Bauhaus" memarlıq hərəkatının mərkəzi kimi siyahıda yer alıb. Növbəti il üçün məsləhət görülən təcrübələr sırasında Böyük Britaniyadakı 100 kilometrlik Müqəddəs Katbert Yolu piyada gəzinti sevənlər üçün mütləq baş çəkilməli yer hesab olunur. Avtomobillə səyahət həvəskarlarına isə Fransa boyunca uzanan və 2027-ci ildə 95 illik yubileyini qeyd edəcək Napoleon Yolu tövsiyə edilir.
Dəniz səyahəti sevənlər üçün İtaliyanın Eol adalarında yelkənli qayıqla gəzinti və Yunanıstanın Egey dənizində sualtı dalışlar ön plana çıxarılıb. İrlandiyadakı Killari Fyordu isə ölkənin ən heyranedici və mənzərəli nöqtələrindən biri kimi siyahıda yerini alıb.
Firuzə Əliyeva
Sfera.az






