Qəbir qazmaq üzrə beynəlxalq yarış: Bu ölkə qələbə qazandı

Macarıstanda qəbir qazmaq üzrə qeyri-adi yarış keçirilib.
Sfera.az xəbər verir ki, iştirakçılar iki saat ərzində standartlara uyğun qəbir qazmaq uğrunda mübarizə aparıblar.
Yarışa Macarıstan komandaları ilə yanaşı Rusiyadan da iki nəfərlik komanda qatılıb.
Nyergesújfalu şəhərindəki qəbiristanlıqda keçirilən yarışda ümumilikdə 19 iki nəfərlik komanda iştirak edib. Builki yarışda Macarıstandan başqa təmsil olunan yeganə ölkə Rusiya olub.
İştirakçılar iki saat ərzində uzunluğu 2 metr, eni 80 santimetr, dərinliyi isə 1,6 metr olan qəbir qazmalı idilər. Fasilədən sonra onlara qazdıqları yeri doldurmaq və qəbirüstü torpaq təpəsini formalaşdırmaq üçün 15 dəqiqə vaxt verilib.
Yarışın qalibləri macar Robert Nad və Laslo Kiş olublar. Onlar tapşırığı 1 saat 21 dəqiqəyə yerinə yetirərək ikinci il ardıcıl birinci yeri tutublar. Qaliblərə 200 min forint – təxminən 636 dollar mükafat verilib.
Rusiya komandasını bloqer Konstantin Struqov və Novosibirsk krematoriumunun əməkdaşı Artyom Qorbikov təmsil edib. Onların qazdığı qəbir tələb olunan dərinlikdən 7 santimetr dayaz olsa da, komanda yekunda 7-ci yeri tutub.
Rusların nəticəsi ötən illə müqayisədə ciddi irəliləyiş sayılır. Belə ki, Rusiya komandası əvvəlki yarışda sonuncu yerdə qərarlaşmışdı, bu dəfə isə 19 komanda arasında 7-ci pilləyə yüksəlib. /Musavat.com






